Prezident Davosda görüşlər keçirdi - Fotolar - Yenilənib

prezident-davosda-gorusler-kecirdi
Oxunma sayı: 1557

Bu gün Prezident İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində Braziliyanın aparıcı investisiya banklarından və aktivlərin idarə edilməsi şirkətlərindən biri olan “BTG Pactual” şirkətinin sədri Andre Esteves ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanın makroiqtisadi sabitliyinə və fiskal intizamına, həmçinin uzunmüddətli inkişaf strategiyasına toxunaraq, bu istiqamətdə həyata keçirilən siyasətin ölkəmizin beynəlxalq maliyyə bazarlarında etibarlı tərəfdaş kimi mövqeyinin daha da möhkəmlənməsinə müsbət təsir göstərdiyini dedi.

Dövlət başçısı vurğuladı ki, dünyanın beynəlxalq reytinq agentlikləri ölkəmizin kredit reytinqini daha da artıraraq, investisiya və müsbət proqnozu olan reytinq səviyyəsinə qaldırıb.

Rəhbərlik etdiyi şirkətin qlobal fəaliyyət coğrafiyası və institusional investorlarla iş təcrübəsi barədə danışan Andre Esteves “BTG Pactual”ın müxtəlif regionlarda tətbiq etdiyi investisiya yanaşmaları barədə məlumat verdi.

Qeyd olundu ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə bu şirkət arasında son dövrlərdə mümkün əməkdaşlıq istiqamətləri və strateji prioritetlər ətrafında ilkin müzakirələr aparılır, qarşılıqlı maraq doğuran məsələlər üzrə dialoq davam etdirilir.

Söhbət zamanı qlobal iqtisadi proseslər, beynəlxalq maliyyə bazarlarında mövcud vəziyyət və institusional investorların müxtəlif regionlara yanaşması, həmçinin inkişaf etməkdə olan bazarlarda investisiya mühiti, uzunmüddətli investisiya yanaşmaları və qarşılıqlı investisiya layihələri ilə bağlı fikir mübadiləsi aparıldı.

Qeyd edək ki, 1983-cü ildə təsis edilmiş “BTG Pactual” təxminən yarım trilyon ABŞ dollarından çox aktivləri idarə edir.

***

Prezident İlham Əliyev yanvarın 19-da Davosda “Vestas Wind Systems” şirkətinin marketinq, kommunikasiya, davamlılıq və ictimaiyyətlə əlaqələr üzrə qrupunun baş vitse-prezidenti Morten Dirholm ilə görüşüb.

Söhbət zamanı bu şirkətin ölkəmizdə bərpaolunan enerji, xüsusilə külək enerjisi sahəsində fəaliyyətinə toxunuldu, mövcud əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi.

Azərbaycanın xarici investorlar üçün cəlbedici məkan olduğu vurğulandı, ölkəmizdə əlverişli investisiya və biznes mühitinin mövcudluğu məmnunluqla qeyd edildi.

Görüşdə Azərbaycan ilə “Vestas Wind Systems” şirkəti arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

***

Prezident İlham Əliyevin yanvarın 19-da Davosda Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus ilə görüşü olub.

Söhbət zamanı dövlətimizin başçısı ilə Tedros Adhanom Qebreyesusun əvvəlki görüşləri məmnunluqla xatırlandı.

Azərbaycan ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı, ölkəmizin təşkilatın dünyanın müxtəlif bölgələrində həyata keçirdiyi layihələrə dəstəyi qeyd edildi. Bu xüsusda COVID-19 pandemiyası zamanı Azərbaycanın bir sıra ölkələrə könüllü maliyyə yardımı göstərməsi xüsusi olaraq vurğulandı.

Görüşdə Azərbaycan ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

***

Prezident İlham Əliyev yanvarın 19-da Davosda dünyanın ən böyük liman operatorlarından biri olan “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim ilə görüşüb.

Görüşdə “DP World” şirkətinin Azərbaycanda uğurlu fəaliyyəti məmnunluqla qeyd edildi.

Ölkəmizin mühüm beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyi vurğulanaraq, son dövrlərdə Azərbaycanda müasir nəqliyyat infrastrukturunun qurulması istiqamətində icra edilən layihələrdən bəhs olundu. Bu xüsusda “DP World” şirkəti ilə əməkdaşlığın genişləndirilməsinin potensialının olduğu vurğulandı.