“Azərişıq” ASC regionlarda maarifləndirici tədbirləri davam etdirir, bölgələrdə yerli sakinlərlə mütəmadi görüşlər təşkil olunur.
“Qafqazinfo” xəbər verir ki, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov yanvarın 19-da Hacıqabul və Şirvandan olan vətəndaşlarla görüş keçirib.
Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) Hacıqabul Elektrik Şəbəkəsində baş tutan görüşdən əvvəl nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin Hacıqabuldakı abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.
Qəbul zamanı “Azərişıq” ASC-nin fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib.
“Azərişıq” ASC tərəfindən ölkənin bütün regionlarında vətəndaşlarla, eləcə də sahibkar və fermerlərlə görüşlər təşkil olunur, onların təklif və tövsiyələri dinlənilir. Bu cür görüşlərin keçirilməsində məqsəd maarifləndirici məlumatların verilməsi ilə yanaşı, abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, mövcud problemlərin həll edilməsi və elektrik enerjisi itkilərinin minimuma endirilməsidir.

Son xəbərlər
Son Xəbərlər