Qaradağ Rayon İcra Hakimiyyətində 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı şəhid ailələri və əlillərlə görüş keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, şöbə müdirləri, faciədə şəhid olanların ailələri, əlillər iştirak edib.
20 Yanvar hadisələrinin xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz kimi qiymətləndirən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov Azərbaycan xalqının öz qürurunu itirmədiyini, onun iradəsinin qırılmadığını bildirib.
Xalqımızın qan yaddaşına silinməz faciə olaraq yazılmış 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd etdiyimizə baxmayaraq, bu, eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi qanlı cinayət xalqımızı daha da birləşdirərək, millətin yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan edib.
Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixində Qanlı Yanvar faciəsi kimi yadda qalan 1990-cı ilin 20 Yanvar hadisələrinin səbəbləri və nəticələri daha dəqiq araşdırılaraq 1994-cü ildə 20 Yanvar faciəsinin hərbi təcavüz və cinayət olduğu sübut edilmiş və tam siyasi-hüquqi qiymətini alıb.
RİH başçısı bildirib di ki, 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuz torpaqlarımızı işğaldan azad edib, ölkəmizin ərazi bütövlüyü təmin olunub. Arzu edirik ki, bundan sonra xalqımız, dövlətimiz Zəfər günlərini qeyd edəcək.
Tədbirdə 20 Yanvar faciəsinin şəhid Rzayev Azad Allahverdi oğlunun qızı Rzayeva Azadə və 20 Yanvar faciəsinin ikinci qrup əlili İbrahimli Bafadar çıxış ediblər. O müdhiş gecənin canlı şahidi kimi xalqımıza qarşı törədilən qırğınlardan və baş verən hadisələrdən danışılıb.
Rayon rəhbərliyi 20 Yanvar faciəsi əlillərinin və şəhid ailəsinin problemləri ilə maraqlanıb, onları narahat edən məsələlərə aydınlıq gətirib.
Tədbirin yekununda 20 Yanvar şəhid ailəsinə, faciə iştirakçılarına və dünyasını dəyişən iştirakçıların ailə üzvlərinə rayon icra hakimiyyəti tərəfindən humanitar yardım göstərilib.


Son xəbərlər
Son Xəbərlər