Sabah metro gücləndirilmiş rejimdə çalışacaq

sabah-metro-guclendirilmis-rejimde-calisacaq
Oxunma sayı: 381

20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Bakı Metropoliteninin iş rejimi dəyişdiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Bildirilib ki, anım tədbirlərinin keçiriləcəyi “20 Yanvar”, həmçinin Şəhidlər xiyabanına ən yaxın ərazilərdə yerləşən “İçərişəhər” və “Elmlər Akademiyası” stansiyalarında xüsusi nəzarət mexanizmləri tətbiq ediləcək.

Qeyri-iş günü olsa da, metropoliten gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək, qatarların hərəkət qrafiki dəyişdiriləcək, xəttə buraxılmaq üçün ehtiyat qatarlar hazır saxlanılacaq. 

Stansiyalarda musiqilər günün ruhuna uyğun səsləndiriləcək və qatarlarda stansiya elanları radiorabitə vasitəsilə təqdim olunacaq.

Hadisənin mərkəzində yer almış “20 Yanvar” stansiyası Hüzn Günü üçün xüsusi tərtibatda hazırlanacaq, stansiyanın vestibülləri və platformasında qərənfillərdən ibarət kompozisiya qurulacaq. 

Saat 12:00-da bütün stansiyalarda qatarların hərəkəti dayandırılacaq və şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla anılacaq.