Sosial şəbəkələrin Britaniya seqmenti ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı təhdidlərinə ölkə rəhbərliyinin verdiyi reaksiyanı zəif hesab edərək, Baş nazir postunda məşhur aktyor Hyu Qrantı görmək istədiklərini bildiriblər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Daily Star” qəzeti məlumat yayıb.
Nəşr yazır ki, vətəndaşlar Baş nazir Kir Starmerin Trampa cavabını çox yumşaq hesab edərək, Hyu Qrantın “Əslində sevgi” (“Love Actually”) filmində canlandırdığı qətiyyətli lider obrazını nümunə gətiriblər.
Filmdə aktyorun canlandırdığı obraz mətbuat konfransı zamanı ABŞ Prezidentinin təzyiqlərinə qarşı sərt çıxış edərək, Amerikanın “zorakılığına” boyun əyməyəcəklərini bildirir. Britaniyalılar hazırkı gərginlik fonunda məhz belə xarizmatik və cəsarətli yanaşmaya ehtiyac duyulduğunu sosial şəbəkələrdə geniş müzakirə edirlər.
Xatırladaq ki, Donald Tramp Qrenlandiyanın ABŞ-yə satılması ilə bağlı razılıq əldə olunmayacağı təqdirdə, fevralın 1-dən etibarən Böyük Britaniya da daxil olmaqla bir neçə Avropa ölkəsinə qarşı əlavə tariflər tətbiq edəcəyini elan edib. Kir Starmer bu qərarı “tamamilə səhv” adlandırsa da, sözügedən açıqlama cəmiyyəti qane etməyib.
Son xəbərlər
Son Xəbərlər