Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinə cinayət işi açıldı - Yenilənib

nesimi-nebizade-ile-gundeme-gelen-reabilitasiya-merkezine-cinayet-isi-acildi
Oxunma sayı: 3683

Sumqayıt şəhərində fəaliyyət göstərən “Qurtuluş” Reabilitasiya Mərkəzi barədə cinayət işi başlanılıb.

“Qafqazinfo” Oxu.az-a istinadən xəbər verir ki, reabilitasiya mərkəzi barədə araşdırma aparılıb.

Şikayət əsasında Sumqayıt Şəhər Prokurorluğu tərəfindən aparılan araşdırmalar zamanı reabilitasiya mərkəzində qanunsuzluqlar aşkar edilib.

Faktla bağlı prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir.

Qeyd edək ki, adıçəkilən reabilitasiya mərkəzi bir müddət öncə Əməkdar jurnalist, tanınmış keçmiş aparıcı Nəsimi Nəbizadənin müalicəsi ilə bağlı gündəmə gəlmişdi. N.Nəbizadə bir neçə gün öncə mərkəzi tərk edib.

Xatırladaq ki, “Qurtuluş” Reabilitasiya Mərkəzi narkotik asılılığından əziyyət çəkən jurnalistlər - Nəsimi Nəbizadə və Ceyhun Əsgərovun görüntülərini paylaşmış, lakin bu, cəmiyyətdə birmənalı qarşılanmamışdı. Mövzu ilə bağlı saytımızda da yazı dərc edilmişdi.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, cinayət işi mərkəzin Sumqayıt filialında saxlanılan narkomaniyadan əziyyət çəkən şəxsin şikayəti əsasında açılıb. Belə ki, məcburi qaydada orada saxlanılan şəxs metal əşya udaraq intihara cəhd edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125 və 145-ci (intihar həddinə çatdırma və qanunsuz azadlıqdan məhrum etmə) maddələrilə cinayət işi başlanıb.

***

Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib ki, “Qurtuluş” Reabilitasiya Mərkəzi MMC-nin Sumqayıt şəhəri ərazisində yerləşən müəssisəsində baş verən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciətləri əsasında Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılıb.

Araşdırma nəticəsində toplanmış ilkin dəlillər əsasında Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma), 145.2.1 və 145.2.4-cü (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsə qarşı törədildikdə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.