“Nvidia”nın rəhbəri sevgilisi vasitəsilə Çinə məlumat ötürüb? - Xəyanətə görə üzr istədi

nvidianin-rehberi-sevgilisi-vasitesile-cine-melumat-oturub
Oxunma sayı: 119

Bazar dəyəri ilə dünyanın aparıcı texnologiya nəhənglərindən biri olan ABŞ-nin çip istehsalçısı “Nvidia” böyük casusluq və təhlükəsizlik qalmaqalı ilə sarsılıb. Şirkətin qurucusu və baş direktoru Jensen Huanqın Çinə kəşfiyyat məlumatlarının sızdırılması ilə əlaqədar iddiaların mərkəzində yer almasından sonra idarə heyəti tərəfindən müstəqil araşdırma başladılıb.

“Qafqazinfo” xəbər verir ki, “The New York Times” qəzetinin dərc etdiyi məlumata görə, Jensen Huanqın nikahdankənar münasibətdə olduğu çinli Alis Huanq vasitəsilə Pekinə məxfi məlumatlar ötürdüyü bildirilib.

İddialardan sonra “Nvidia” rəhbərliyi təcili addım ataraq müstəqil hüquq məsləhətçilərinin dəstəyi ilə xüsusi komitə yaradıldığını elan edib.

Şirkət bəyanatında hələlik milli təhlükəsizliyə və ya məxfi məlumatların sızdırıldığına dair sübutun tapılmadığını, lakin bütün mövcud iddiaların hərtərəfli araşdırılacağını vurğulayıb.

Baş direktor Jensen Huanq işçilərinə göndərdiyi elektron poçt vasitəsilə ailəsindən və həmkarlarından üzr istəyib. Həyat yoldaşına xəyanət etdiyini təsdiqləyən Huanq hərəkətlərinə görə dərin peşmanlıq duyduğunu bildirib: “Siz məndən daha yaxşısına layiqsiniz. “Nvidia” şirkətinə rəhbərlik etmək həyatımın ən böyük imtiyazı idi. Mənim məsuliyyətim sizə xidmət etmək və etibarınıza layiq olmaq idi. Mən bu məsuliyyəti tam yerinə yetirə bilmədim. Direktorlar şurasının başladığı araşdırmanı tam dəstəkləyirəm və proseslə əməkdaşlıq edəcəyəm”.

Şirkət rəsmiləri ABŞ-nin milli və iqtisadi təhlükəsizliyinin hər şeydən üstün olduğunu və istintaqın şəffaf şəkildə aparılacağını qeyd ediblər.

Qeyd edək ki, “The New York Times” adı açıqlanmayan mənbələrə istinadən, Alis Huanqın “Nvidia” şirkətinin baş direktoru Jensen Huanqla yaxın əlaqələri olduğunu və şirkətin çiplərinin Çinə yönləndirilməsində iştirak etdiyini yazıb.