Göygöldə Zəfər Günü qeyd olunub - Fotolar

goygolde-zefer-gunu-qeyd-olunub
Oxunma sayı: 657

Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü münasibətilə ümumrayon tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, YAP rayon təşkilatının, yerli hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, Şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, qazilər, QHT nümayəndələri, ziyalılar, gənclər və rayon ictimaiyyəti iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi və şəhid məzarları ziyarət olunaraq, əziz xatirələri ehtiramla yad edilib. Mədəniyyət mərkəzində keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

Giriş nitqi ilə çıxış edən rayon rəhbəri xalqımızın tarixinə qızıl hərflərlə yazılmış 8 Noyabr – Zəfər Gününün əhəmiyyətindən danışaraq bu möhtəşəm Qələbənin xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, qəhrəmanlıq ruhunun və güclü dövlətçiliyimizin təntənəsi olduğunu bildirib. Vurğulanıb ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək ölkəmizin ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib. Qeyd olunub ki, qazanılan Qələbə Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının Möhtərəm Prezidentimiz tərəfindən uğurla davam etdirilməsinin, ordu quruculuğu sahəsində həyata keçirilən məqsədyönlü siyasətin və xalqımızın həmrəyliyinin nəticəsidir. Vətən uğrunda canlarından keçən şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin fədakarlığı heç zaman unudulmayacaq, onların əziz xatirəsi daim ehtiramla yad ediləcəkdir.

Tədbirdə çıxış edən digər natiqlər 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi birlik və həmrəylikdən, Ordumuzun qəhrəmanlığından, qazanılan tarixi Zəfərin ölkəmizin taleyindəki mühüm əhəmiyyətindən bəhs ediblər. Onlar bu Qələbənin xalqımızın milli qürur mənbəyi olduğunu və şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edildiyini vurğulayıblar.

Çıxışlarda şəhidlərimizin müqəddəs xatirəsinin yaşadılmasının, onların ailələrinə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısının əhəmiyyəti xüsusi vurğulanıb.

Tədbirin bədii hissəsində Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim edilib. Proqramda respublikanın tanınmış mədəniyyət və incəsənət nümayəndələri, eləcə də rayonun mədəniyyət müəssisələrinin musiqi kollektivləri çıxış ediblər. Vətənpərvərlik ruhunda ifa olunan musiqi nömrələri tədbirə xüsusi coşqu və bayram əhval-ruhiyyəsi qatıb.