Saç tökülməsi, üşümə və yaddaş zəifliyi - Orqanizmdə bu element çatmır

sac-tokulmesi-usume-ve-yaddas-zeifliyi
Oxunma sayı: 10

“Daimi yorğunluq hissiyyatı və çəkinin qəfil artması orqanizmdə yod çatışmazlığından xəbər verə bilər”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sağlamlıq mütəxəssisləri məlumat verib.

Vurğulanıb ki, yodun kifayət qədər olması xüsusilə hamilə, süd verən qadınlar və yenidoğulmuşlar üçün həyati əhəmiyyət daşıyır:

“Əgər gələcək ananın rasionunda yod çatışmazlığı varsa, döl lazımi miqdarda tiroksin hormonu istehsal edə bilmir və bu da onun inkişafını ləngidir. Əsasən də hamiləliyin 14-18-ci həftələrində yod defisiti daha təhlükəlidir, çünki bu dövrdə baş beyin qabığının neyronları formalaşır”.

Mütəxəssislər qeyd ediblər ki, orqanizmdə uzunmüddətli yod çatışmazlığı hipotireoz xəstəliyinin yaranmasına səbəb ola bilər. Bu xəstəlik zamanı qalxanvari vəz kifayət qədər hormon istehsal etmir. Xarici əlamətlər nəzərə çarpmadığı üçün bir çox insan bu pozuntudan xəbərsiz olur. Hipotireozun əsas simptomlarına əzələ zəifliyi, yaddaş problemləri, dərinin quruması, saç tökülməsi və daim üşümə hissiyyatı daxildir.

Normaya gəlincə, böyüklər üçün günlük yod tələbatı 150 mikroqram, hamilələr üçün 220, süd verən analar üçün isə 290 mikroqram təşkil edir. Ən çox yod dəniz yosunları, krevet, midya, dəniz balığı, yumurta və ispanağın tərkibindədir.

Mütəxəssislər nəzərə çatdırıblar ki, balıq qızardılarkən tərkibindəki yodun 67 faizə qədərini itirir. Bu səbəbdən yeməklərə yodlaşdırılmış duz əlavə olunması tövsiyə edilir.

Bununla yanaşı, yodun həddindən artıq çoxluğunun da təhlükəli olduğu və hormon istehsalını bloklaya biləcəyi xatırladılıb.