“Bayramın mübarək, Qoşqar müəllim. Hamı dərsdədir...”

bayramin-mubarek-qosqar-muellim-hami-dersdedir
Oxunma sayı: 99

Onlar öz döyüş xatirələrini bizə danışa bilmədilər - həyatı obrazlı şəkildə əks etdirən söz sənətinin, ədəbiyyatın ümidinə buraxdılar. Ədəbiyyat elə ən çox belə anlarda - sözün bəşəri acizliklə üz-üzə qaldığı, amma susmağın da mümkün olmadığı yerdə öz həqiqi çəkisini tapır. Yazılmış saysız-hesabsız cümlələr arasında heç biri ölümü ölümdən sonrakı boşluqdan daha dəhşətli təsəvvür edə bilməyib. Bizə deyiblər ki, ölmək sondur. Deyilmiş. Bəzi hekayələr elə bundan sonra başlayırmış. Yarım qalmış söhbətlərdə, xatirələrdə, sonuncu zəngdə, cavabsız qalan mesajda... Yoxluğun başqa insanların həyatında böyük bir varlığa çevrilməsi - şəhid susqunluğu.

İndi Zəfər Günündə onların haqqında yazılan hər cümlə, əslində, bir təsəlli axtarışıdır. Amma ədəbiyyatın kədəri həm də onun gücüdür: o, gedənlərin səsini bizə qaytara bilməsə də, yoxluqlarının yaratdığı böyük, uğultulu sükutu dərk etməyimizə kömək edir.

Bu gün bayramdır. Küçələrdə bayraqlar dalğalanır, zəfər marşları səslənir. Haqqımızdır. Çünki otuz illik bir nisgilin, alnımıza vurulmuş məğlubiyyət damğasının silindiyi gündür. Amma rəsmi statistikadakı rəqəmlərin arxasında daha böyük bir həqiqət dayanır. Tarix müharibələri təqvim, azad edilən ərazilərin kvadrat kilometrləri, adları ilə xatırlayır, cəmiyyət isə itkiləri ilə. Sosiologiyada “itirilmiş nəsil” anlayışı var: müharibə təkcə bu günü yox, həm də həmin gənclərin quracağı ailələri, yazacaqları kitabları, yaradacaqları dəyərləri - yəni gələcəyin bir hissəsini də özü ilə aparır.

Övladlarımın təhsil aldığı məktəbin girişində bir guşə var. Şəhid Qoşqar müəllimin guşəsi. Orada şəhidimizin əşyaları dayanıb: qələmi, sinif jurnalı, gündəliyi... Dərs cədvəlində adı artıq olmayan, amma məktəbin girişində bütün varlığı ilə dayanan bir müəllim.
İndi Zəfər Günü ərəfəsində o guşənin qarşısından hərbi geyimli, əli bayraqlı uşaqlar keçir. Bayram tədbirlərində bu mənzərəni görüb tənqid edənlər də az deyil. Deyirlər ki, uşaqlar müharibəni tanımamalı, hərbi geyimdən, döyüş səhnələrindən uzaq böyüməlidir...

Əslində, bu narahatlıqda haqlı məqam var: uşaqlıq müharibənin romantikləşdirildiyi, silahın oyuncağa çevrildiyi bir dünya olmamalıdır. Ancaq burada incə bir sərhədi nəzərdən qaçırırıq: uşağa müharibəni sevdirmək başqa şeydir, ona öz tarixini, azadlığının hekayəsini və bu azadlığın bədəlini anlatmaq başqa. Hər bir valideyn övladının müharibə görməməsini arzulayır, amma onun şəhidlik tarixini bilmədən, yaddaşsız böyüməsini istəmək də gələcəklə aramıza məsafə qoymaqdır. Uşaq əynindəki formanın adi bir bayram kostyumu olmadığını, onun arxasında Qoşqar müəllimin yarımçıq qalmış jurnalının, ayrılıqların, göz yaşlarının dayandığını da anlamalıdır. Bizim vəzifəmiz uşaqlara döyüşü yox, sülhün qədrini biləcək qədər tarixi anlatmaqdır.

İnsan ömrünün böyüklüyü təqvimdəki illərin sayı ilə yox, arxasında qoyduğu izin dərinliyi ilə ölçülür. Bəzən iyirmi beş illik bir ömür minlərlə şagirdin yaddaşına yazılan əbədi bir dərsə çevrilir. Şəhidlərin əsl abidəsi nə mərmərdədir, nə də orden-medallarda. Onların əsl abidəsi xilas etdikləri silahdaşının sağ qalan ömründə, yarımçıq qalmış jurnal vərəqlərində, adları çəkiləndə qəhərdən boğulan doğmalarının boğazındakı düyündədir. Tarix daşlara yox, məhz o düyünlərə yazılır.

Ölüm bir anın hadisəsidir, insan isə o ana qədər etdiyi seçimlərdən ibarətdir. Onların seçimi biganə qalmamaq oldu - Vətənə, torpağa, yaralı silahdaşına, gələcək nəsillərin taleyinə. Bəlkə də, insanın kim olduğunu göstərən ən dəqiq cavab elə budur: qarşısındakı ağrıya baxanda üzünü çevirib-çevirməməsi.

Onlar üzünü çevirmədilər. Bizim bu gün başımızı dik tutub gəzə bilməyimiz üçün...

Nərmin Dadaşova

Xüsusi olaraq “Qafqazinfo” üçün