Masada Fransa da olacaq

masada-fransa-da-olacaq
Oxunma sayı: 29

Fransanın xarici işlər naziri Jan-Noel Barro 10-11 noyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçiriləcək Rusiya-Ukrayna danışıqlarında Avropanın və şəxsən Fransanın iştirak edəcəyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, RTL radiosunun efirində danışan Barro ABŞ-nin vasitəçiliyi ilə baş tutacaq görüşdə Fransanın mütləq təmsil olunacağını vurğulayıb.

“Bu görüşdə Fransanı konkret olaraq kimin təmsil edəcəyini hazırda açıqlaya bilmərəm, lakin Fransa mütləq orada olacaq. Son həftələrdə avropalılar birgə mövqe nümayiş etdirərək ABŞ vasitəçilərinə çatdırdılar ki, qitəmizin gələcəyi ilə bağlı heç bir danışıq Avropanın gözlənti və tələblərini qulaqardına vura bilməz”, - o deyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff daha əvvəl bildirmişdi ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında işçi səviyyəsində ilk görüşlər 10-11 noyabr tarixlərində Əbu-Dabidə təşkil olunacaq.

Vaşinqtonun vasitəçiliyi ilə keçiriləcək danışıqlar müharibədən sonrakı təhlükəsizlik zəmanətləri, hərbi gərginliyin azaldılması, humanitar yardım koridorlarının təşkili və yekun sülhə doğru atılacaq növbəti addımların müzakirəsinə həsr olunacaq.