Sumqayıtda Zəfər Günü ilə bağlı silsilə tədbirlər keçirildi - Fotolar

sumqayitda-zefer-gunu-ile-bagli-silsile-tedbirler-kecirildi
Oxunma sayı: 541

Sumqayıt şəhərində 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü münasibətilə Şəhidlər xiyabanında anım tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları, şəhərin hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib, ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının çoxəsrlik tarixində müstəsna yer tutduğu, bu möhtəşəm Qələbənin xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, vətənpərvərliyinin və dövlətimizin qüdrətinin parlaq təntənəsi olduğu vurğulanıb.

Qeyd olunub ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatlarına cavab olaraq başlanan Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən birinə çevrilib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, rəşadətli Ordumuzun qəhrəmanlığı, xalqımızın sarsılmaz birliyi və həmrəyliyi nəticəsində 44 gün davam edən Vətən müharibəsində tarixi Qələbə qazanılıb, torpaqlarımız uzun illər davam edən işğaldan azad edilib.

Diqqətə çatdırılıb ki, Vətən müharibəsində qazanılan Qələbə Azərbaycanın regionda yaratdığı yeni reallıqların əsasını qoyub. 2023-cü il sentyabrın 19–20-də Qarabağ iqtisadi rayonunda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində suverenliyi və konstitusiya quruluşu tam bərpa edilib. Bununla da Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin edərək tarixinin yeni inkişaf mərhələsinə qədəm qoyub.

Qeyd edilib ki, bu gün işğaldan azad olunmuş ərazilərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzurda müasir infrastruktur layihələrinin icrası, yeni yaşayış məntəqələrinin salınması, yolların, məktəblərin, xəstəxanaların və digər sosial obyektlərin tikintisi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı tarixi Zəfərimizin mühüm nəticələridir.

Tədbirdə Vətən müharibəsində qəhrəmanlıq göstərən Sumqayıt övladlarının şücaəti də xüsusi ehtiramla xatırlanıb. Bildirilib ki, Azərbaycanın digər bölgələri kimi, Sumqayıt şəhərinin də yüzlərlə igid övladı torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak edib, böyük fədakarlıq və qəhrəmanlıq nümunələri göstərib. Onların arasında müqəddəs şəhidlik zirvəsinə ucalanlar, sağlamlığını Vətən yolunda itirən qazilər və dövlətimizin yüksək təltiflərinə layiq görülən hərbi qulluqçular var. Sumqayıtlı qəhrəmanların Vətən müharibəsində göstərdikləri igidlik şəhərimizin tarixinə şərəfli səhifələr kimi həkk olunub.

Bildirilib ki, 8 Noyabr Zəfəri gününün qeyd olunması gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, şəhidlərimizin qəhrəmanlıq irsinin yaşadılması və milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Daha sonra tədbir iştirakçıları Sumqayıt Şəhidlər xiyabanında ucaldılmış “Qalib əsgər” abidəsinin önünə gül dəstələri qoyaraq Vətən uğrunda canlarından keçmiş qəhrəmanlarımızın əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Ardınca Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanların məzarları ziyarət edilib, üzərlərinə tər güllər düzülüb, ruhlarına dualar oxunub. Şəhid ailələrinin üzvləri ilə görüşülüb, onların övladlarının göstərdikləri qəhrəmanlığın xalqımızın yaddaşında əbədi yaşayacağı vurğulanıb.

Sumqayıt şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən tədbirlər silsilə xarakter daşıyıb. Bayram tədbirləri çərçivəsində Kimyaçılar Mədəniyyət Sarayında Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı təşkil edilib. Tanınmış incəsənət ustalarının iştirakı ilə keçirilən konsertdə vətənpərvərlik ruhunda mahnılar, milli musiqi nümunələri və müxtəlif bədii kompozisiyalar təqdim olunub. Bayram konserti iştirakçılar tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb.