Beynəlxalq təşkilatlarda keçirilən seçkilər adətən geniş ictimaiyyətin diqqət mərkəzində olmur. Çoxları onları növbəti diplomatik prosedur kimi qəbul edir. Halbuki dövlətlərarası münasibətlərdə etimadın ən obyektiv göstəricilərindən biri məhz həmin seçkilərin nəticələridir.
Rəsmi bəyanatlar diplomatik nəzakətin ifadəsidir, səsvermə isə siyasi etimadın göstəricisidir. Bu səbəbdən Azərbaycanın son iki ildə beynəlxalq təşkilatların seçkili orqanlarında əldə etdiyi nəticələrə yalnız statistik göstərici kimi yanaşmaq doğru olmazdı. Burada Azərbaycanın beynəlxalq münasibətlər sistemində qazandığı etibardan gedir. Dövlətlər yalnız etibar etdikləri ölkələrin nümayəndələrinə beynəlxalq institutlarda məsuliyyət həvalə edirlər. Məncə, son illərin nəticələrini məhz bu prizmadan qiymətləndirmək lazımdır.
2025-ci ildə Azərbaycanın beynəlxalq təşkilatların seçkili orqanlarına irəli sürdüyü 14 namizədin hamısının seçilməsi uzun illər ərzində aparılmış ardıcıl diplomatik fəaliyyətin bəhrəsidir. Xarici siyasətdə etimad qazanmaq çətindir, onu qorumaq isə daha çətindir. Azərbaycanın ardıcıl uğurları göstərir ki, ölkəmiz hər iki istiqamətdə ciddi nəticələr əldə edə bilib.
Bu uğurların diqqətçəkən tərəfi onların yalnız bir sahəni əhatə etməməsidir. Dayanıqlı inkişaf, sosial siyasət, turizm, miqrasiya, ətraf mühit, mədəni irsin qorunması, humanitar əməkdaşlıq və insan hüquqları üzrə əldə olunan mandatlar göstərir ki, Azərbaycan çoxtərəfli əməkdaşlığa sistemli yanaşır.
Müasir diplomatiya artıq təkcə siyasi dialoqdan ibarət deyil. Dövlətlərin nüfuzu onların qlobal problemlərin həllinə verdiyi real töhfə ilə də müəyyən olunur. Burada diqqətdən yayınmamalı olan başqa bir məqam da var. 2026-cı ilin iyun ayında Azərbaycanın BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinə (CEDAW), İnsan Hüquqları üzrə Komitəyə (ICCPR) və Uşaq Hüquqları Komitəsinə (CRC) keçirilən seçkilərdə uğur qazanması, bundan əvvəl isə İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitədə (CESCR) və Əməkçi Miqrantlar üzrə Komitədə (CMW) təmsilçilik əldə etməsi nəticəsində ölkəmiz BMT-nin insan hüquqları üzrə on müqavilə qurumundan beşində təmsil olunur.
Bu göstərici Azərbaycanın həmin sistemdə ən geniş təmsil olunan dövlətlərdən biri olduğunu göstərir. Həmin komitələr beynəlxalq insan hüquqları standartlarının formalaşdırılmasında, dövlət hesabatlarının qiymətləndirilməsində və beynəlxalq hüququn inkişafında mühüm rol oynayırlar. Əslində, beynəlxalq təşkilatlarda qazanılan mandatların dəyəri də burada üzə çıxır. Onlar yalnız status vermir, eyni zamanda beynəlxalq qərarların hazırlanmasına təsir göstərmək imkanı yaradır.
Azərbaycanın son illərdə diplomatik nüfuzunun artmasını təhlil edərkən Qoşulmama Hərəkatına uğurlu sədrliyi, enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi mövqeyi, humanitar təşəbbüsləri və COP29-a ev sahibliyini də ayrıca qeyd etmək lazımdır. Bunların hər biri müxtəlif dövlətlərlə qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edib.
COP29 xüsusilə fərqlənir, dünyanın siyasi baxımdan müxtəlif mövqelərdə dayanan dövlətlərini və beynəlxalq təşkilatlarını ortaq məqsəd ətrafında bir araya gətirmək yalnız təşkilati bacarıq məsələsi deyil. Bunun üçün beynəlxalq etimad lazımdır. Azərbaycan həmin etimadı qazandığını nümayiş etdirdi.
Diplomatiyada bir anlayış var, siyasi kapital. Hesab edirəm ki, son illərdə Azərbaycanın əldə etdiyi uğurlar məhz belə bir siyasi kapitalın mövcudluğunu təsdiqləyir.
Bu gün Azərbaycanın beynəlxalq təşkilatlarda əldə etdiyi mandatlar ölkəmizin milli maraqlarını daha geniş platformalarda müdafiə etmək üçün yeni imkanlar yaradır. Eyni zamanda, bu mandatlar Azərbaycanın beynəlxalq hüququn inkişafına, çoxtərəfli əməkdaşlığın dərinləşməsinə və qlobal problemlərin həllinə daha fəal töhfə verməsinə şərait yaradır.
Azərbaycanın beynəlxalq təşkilatlarda ardıcıl qələbələri ölkəmizin xarici siyasətinin səmərəliliyini təsdiqləyən mühüm göstəricilərdən biridir. Bu uğurlar göstərir ki, Azərbaycan artıq beynəlxalq münasibətlər sistemində konstruktiv dialoq iştirakçısı və beynəlxalq əməkdaşlığa real töhfə verən dövlət kimi qəbul olunur.
Azərbaycanın diplomatiyasının son illərdə əldə etdiyi uğurları Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət kursu şərtləndirir. Bu siyasət nəticəsində ölkəmiz beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır, qlobal əhəmiyyətli layihələrin əsas iştirakçılarından biri kimi çıxış edir. Azərbaycan xarici siyasətini rasional dövlətçilik maraqları üzərində qurur. Rəsmi Bakı hər zaman beynəlxalq hüquqa və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq formatlarına üstünlük verir. Ölkəmiz heç bir hərbi-siyasi blokun təsrində deyil və başqa dövlətlərin maraqlarının alətinə çevrilmir. Bu çoxvektorlu yanaşma, müstəqil xarici siyasət kursu, Azərbaycanın qlobal diplomatiyada çəkisini artırıb və uzunmüddətli perspektivdə mövqelərin möhkəmlənməsi üçün güclü zəminlər yaradıb.
Əliməmməd Nuriyev
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti