52 yaşında qorxusuna qalib gəlib - Sürücülük vəsiqəsi almaq istəyir

52-yasinda-qorxusuna-qalib-gelib
Oxunma sayı: 1362

Məşhur Hollivud aktrisası Penelopa Kruz 52 yaşında ilk dəfə sürücülük vəsiqəsi almaq qərarına gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə aktrisa “Hot Ones” “YouTube” şousunda bildirib. 

Penelopa Kruz “U2” qrupunun solisti Bononun ona ad günü münasibətilə avtomobil hədiyyə etməsindən sonra bu qərara gəldiyini söyləyib. Hollivud ulduzu hədiyyənin markasını və modelini açıqlamasa da, dostunun bu jestinin onun baxışlarını dəyişməyə vadar etdiyini etiraf edib. 

“Dostum Bono mənə avtomobil hədiyyə etdi və düşünürəm ki, bu, məhz mənə lazım olan həlledici təkan oldu. Bonodan avtomobil alıb bundan sonra sürücülük imtahanı verməmək? Bu, əsl dəlilik olardı! İndi yenidən sürücülük vəsiqəsi almaq barədə düşünürəm, baxmayaraq ki, qorxu hələ də çox dərindir”, - Kruz deyib.

Hollivud divası indiyədək sükan arxasına keçməməsinin səbəbi kimi uşaqlıqda yaşadığı ağır psixoloji travmanı göstərib. Belə ki, Penelopa təxminən səkkiz yaşında olarkən, avtomobil onun gözləri qarşısında kiçik bacısı Monikanı vurub. Hazırda İspaniyada məşhur aktrisa olan Monika o zaman tamamilə sağalsa da, yaşadığı dəhşət Penelopanın yaddaşında əbədi iz buraxıb. Ulduzun sözlərinə görə, o, hələ də sadəcə avtomobilda olarkən belə güclü narahatlıq hiss edir.