İki gün sonra yeni sahibi bəlli olacaq - Dəyəri 1 milyondan bahadır

iki-gun-sonra-yeni-sahibi-belli-olacaq
Oxunma sayı: 379

2026-cı il dünya çempionatı həyəcanı finala yaxınlaşdıqca, diqqət təkcə meydandakı mübarizəyə deyil, həm də futbolun ən nüfuzlu mükafatının rekord dəyərinə yönəlib.

“Qafqazinfo” xəbər verir ki, London Fond Birjası Qrupunun (LSEG) təhlilinə görə, dünya kubokunun maddi dəyəri son dörd ildə 150 faizdən çox artaraq, təxminən 713 min dollara (təxminən 1,2 milyon manat) çatıb.

Müqayisə üçün, 2022-ci ildə keçirilən son mundial zamanı kubokdakı qızılın dəyəri təxminən 277 min dollar idi.

İlk dəfə 1974-cü ildə təqdim edilən hazırkı dünya kuboku 18 karat qızıldan hazırlanıb və onun tərkibində 4,93 kiloqram təmiz qızıl var. Kubok istehsal olunarkən maddi dəyərinin təxminən 25 min dollar olduğu hesablanırdı.

Aradan keçən yarım əsr ərzində isə bu rəqəm təxminən 30 dəfə artıb.

Bildirilir ki, son illərdə geosiyasi gərginliklər, qlobal iqtisadi qeyri-müəyyənlik və investorların “təhlükəsiz liman” axtarışı qızılın qiymətini kəskin yüksəldib. Bunun nəticəsində dünya kuboku təkcə futbolun deyil, həm də qlobal iqtisadi tendensiyaların simvoluna çevrilib.

Dünya kuboku, əsasən, qızıldan hazırlanan yeganə böyük beynəlxalq idman mükafatıdır. Bu xüsusiyyət onu digər məşhur kuboklardan xeyli fərqləndirir.

Məsələn, UEFA Çempionlar Liqası kubokunun gümüş dəyəri təxminən 16 950 dollar, UEFA Avropa Liqası kubokunun dəyəri isə 22 600 dollara barəbərdir.

ABŞ-nin məşhur idman yarışlarında təqdim olunan kuboklar da, əsasən, gümüşdən hazırlanır. “İndianapolis 500” yarışının qalibinə təqdim edilən “Borg-Warner” kubokunun təxmini dəyəri 156 min dollardır. “Super Bowl” qaliblərinə verilən “Vince Lombardi” kubokunun dəyəri isə cəmi 7 230 dollar təşkil edir.

“LSEG Metal Research” şirkətinin baş analitiki Debacit Saha bildirib ki, dünya kuboku həm idman tarixini, həm də qızılın davamlı dəyərini özündə birləşdirən nadir mükafatlardan biridir: “Qızıldan hazırlanmış başqa böyük idman kuboku yoxdur. Dünya kuboku həm nüfuzu, həm də maddi dəyəri baxımından unikaldır”.

Qeyd edək ki, dünya futbolunun ən mötəbər mükafatı bazar günü keçiriləcək final matçından sonra yeni sahibini tapacaq.