İki gün öncə həyat yoldaşı tərəfindən şiddətə məruz qaldığı üçün uşaqları ilə birlikdə sığınacağa yerləşdirilən qadın başına gələnlərdən danışıb.
“Qafqazinfo” xəbər verir ki, onun sözlərinə görə, özündən böyük olan həyat yoldaşı ilə 20 yaşında olarkən ailələri tanış edib və onlar 14 gün ərzində evləniblər.
O bildirib ki, elə ilk vaxtlardan şiddətə məruz qalıb:
“Atam, anam hər dəfə deyirdi ki, hamı döyülə-döyülə arvad olur. Hamının evində söz-söhbət olur, qayıt barış. Özüm də uşaqlarım yazıqdır, atasız qalmasınlar deyə barışmışam. Adi uşaq səs salanda, pulsuzluq üstündə, evdə nəsə çatmayanda, ya da işə getməyimin üstündə məni döyürdü”.
Üç oğul anası olan Turanə deyir ki, indi bədənində ağır xəsarətlər var, bir gözü isə görmür. Adətən həyat yoldaşı onu döyməyə başlayanda, ta uşaqları gəlib aralayana qədər dayanmırmış.
Onun sözlərinə görə, həyat yoldaşından ayrılmaq istəyib ata evinə gedəndə valideynləri onu ancaq uşaqsız qəbul edə biləcəklərini deyiblər. Elə buna görə də o, 14 il fiziki və psixoloji zorakılığa dözməyə məcbur qalıb.
“Ata-anam dedi ki, özün gəl, onu da, uşaqlarını da istəmirik. Ona görə ki, o, atamın, anamın üstünə dəfələrlə balta ilə gedib. Balalarım üçün çəkmədiyim zülm qalmayıb”, - deyə o əlavə edib.
Daha ətraflı “Xəzər TV”nin süjetində:
Son xəbərlər
Son Xəbərlər