Nazirlikdə Beynəlxalq Valyuta Fondunun missiyası ilə görüş keçirildi - Foto

nazirlikde-beynelxalq-valyuta-fondunun-missiyasi-ile-gorus-kecirildi
Oxunma sayı: 344

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyası ilə görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Anna Bordonun başçılıq etdiyi missiya ilə görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev son illər ölkəmizdə aparılan sosial islahatların nailiyyətləri barədə məlumat verib.

Bu islahatların mühüm tərkib hissəsi kimi, pensiyalarda davamlı artım dinamikasına nail olunduğu, sığorta-pensiya sisteminin qabaqcıl dünya təcübəsinə uyğun təkmilləşdirilməsi üçün atılan addımlar diqqətə çatdırılıb.

Fərdi hesablarda qeydə alınmış pensiya kapitallarının da hər ilin əvvəlindən artırıldığı, son illər əmək, məşğulluq, sosial müdafiə sahələrində xidmətlərin rəqəmsal infrastrukturunun qurulduğu qeyd edilib. Hazırda ölkəmizdə sosial ödənişlərin, o cümlədən pensiyaların proaktiv qaydada təyinatı mexanizmlərinin fəaliyyət göstərdiyi bildirilib.

Habelə pensiya təminatı sistemində humanist yanaşmaların tətbiqi, bu sistemə əlçatanlığın artırılması üçün atılan addımlardan bəhs olunub.  Əmək bazarındakı inkişaf meyilləri, sosial sığorta sisteminin əhatə dairəsinin genişləndirilməsi sahəsində müsbət nəticələr diqqətə çatdırılıb.    

Görüşdə pensiya təminatı sisteminin inkişafı, bu sahədə proqnozların yenilənməsi ilə bağlı məlumat mübadilələri üzrə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.