“13 iyun 2026-cı ildə ənənəvi olaraq artıq 4-cü dəfədir Şuşada keçirilən Qlobal Media Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq media nümayəndələri ilə açıq dialoqu dünyanın diqqət mərkəzinə çevrildi. Qlobal ictimaiyyət, ekspert dairələri, media və siyasi analitiklər Azərbaycanın dövlət başçısının aktual proseslərə dair baxışlarını, regional və beynəlxalq siyasətin konturlarını açıq, cəsarətli və prinsipial şəkildə ifadə etməsinə böyük maraq göstərirlər”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva bildirib.
Azərbaycan Prezidentinin Cənubi Qafqazdan Mərkəzi Asiyaya, Türk Dünyasından Avropaya, Yaxın Şərqdən ABŞ-a, Uzaq Şərqdən Afrikaya uzanan əməkdaşlıq gündəliyinə, beynəlxalq təşkilatlarla münasibətlərə dair dövlətimizin mövqeyini səsləndirməsindən bəhs edən Günay Əfəndiyeva deyib:
“Suallar nə qədər mürəkkəb və ya həssas olsa da, cənab Prezidentin cavabları hər zamankı kimi arqumentlərə, faktlara və dövlət maraqlarına xidmət edən prinsiplərə əsaslanırdı. Bu, əslində cənab Prezidentin rəhbərliyində Azərbaycanın özünə, öz sözünə, öz yoluna, atdığı addımlara inamının ifadəsidir. Çünki haqlı mövqeyinə arxalanan dövlət açıq dialoqdan çəkinmir”.
Deputatın sözlərinə görə, 30 ilə yaxın işğal altında qalmış, dağıdılmış Şuşa şəhərinin bu gün gələcəyə yönəlmiş strateji müzakirələrin ünvanına çevrilməsi Azərbaycanın tarixində olduqca mühüm bir mərhələdir.
Günay Əfəndiyeva etibarlılığı XXI əsrdə dövlətlərin beynəlxalq nüfuzunun formalaşmasında əsas meyarlardan biri kimi dəyərləndirərək qeyd edib: “Etibarlı tərəfdaş olmaq, verdiyi sözün arxasında dayanmaq, regionda sabitliyi təşviq etmək, balanslı siyasət yürütmək böyük siyasi kapitaldır. Azərbaycan bu gün məhz belə bir dövlət olaraq dünya miqyasında tanınır, qəbul edilir”.
Deputat bildirib ki, Azərbaycan mürəkkəb və dinamikgeosiyasi nöqtədə yerləşməsinə baxmayaraq, öz müstəqil iradəsini, qərarlarını qətiyyətlə ortaya qoyur.
“Biz bu gün nəinki , coğrafi baxımdan, siyasi baxımdan da müxtəlif sivilizasiyaları, iqtisadi məkanları və maraqları birləşdirən körpü rolunu oynayırıq. Bu, təsadüfi uğur deyil. Bu, uzun illər ardıcıl həyata keçirilən gələcəyə hesablanmış dövlət strategiyasının nəticəsidir. Prezident İlham Əliyevin Şuşadan dünyaya ünvanladığı mesajlar dövlət başçısının böyük dünyagörüşü, geniş strateji düşüncəsi, yürütdüyü nəhəng siyasəti ilə yanaşı, Azərbaycanın güclü və uğurlu dövlətçilik xəttini nümayiş etdirir”, - deyə Günay Əfəndiyeva vurğulayıb.
Son xəbərlər
Son Xəbərlər