Astronavtları xilas edən qələm rekord qiymətə satıldı - Foto

astronavtlari-xilas-eden-qelem-rekord-qiymete-satildi
Oxunma sayı: 413

1969-cu ildə həyata keçirilən tarixi “Apollo 11” missiyası zamanı astronavtlar Nil Armstronq və Bazz Oldrinin Ay səthindən Yerə qayıtmasına kömək edən flomaster qələm hərracda rekord məbləğə satılıb.

“Qafqazinfo” xəbər verir ki, Nyu-Yorkda keçirilən “Sotheby’s” hərracında satışa çıxarılan gümüşü rəngli “Duro Rocket” markalı qələm 857 min 600 (təxminən 1,5 milyon manat) dollara alıcı tapıb.

Lotun tərkibinə qələmlə yanaşı, nasaz elektrik açarı və Bazz Oldrinin imzaladığı orijinallıq məktubu da daxil olub.

Hadisə “Apollo 11” missiyası zamanı baş verib. Astronavtlar Ay səthindəki fəaliyyətlərini başa vurduqdan sonra modula qayıdarkən mühərriki işə salan həyati əhəmiyyətli elektrik açarının qırıldığını görüblər. Bu nasazlıq onların Ay səthində ilişib qalması təhlükəsini yaradıb.

Bazz Oldrin 2009-cu ildə nəşr olunan “Möhtəşəm viranəlik” adlı avtobioqrafiyasında həmin an yaşadığı hissləri belə təsvir edib: “Ürəyim sürətlə döyünməyə başladı. Qırılmış açar Nil və məni Aydan çıxaracaq mühərrikə enerji ötürən yeganə vacib sistemi sıradan çıxarmışdı”.

Astronavtların vəziyyəti barədə məlumat alan Hyustondakı Missiya İdarəetmə Mərkəzi problemin həlli üçün saatlarla çalışsa da, çıxış yolu tapa bilməyib.

Nəticədə Oldrin şəxsi çantasında gətirdiyi qara flomasterdən istifadə etmək qərarına gəlib. O, qələmin ucunu ehtiyatla açarın yuvasına yerləşdirərək, elektrik dövrəsini bağlamağa nail olub və beləliklə, mühərrik işə düşüb.

2016-cı ildə nəşr olunan “Heç bir xəyal çox böyük deyil” kitabında Oldrin açarın ağır avadanlıq çantasına görə təsadüfən sınmış ola biləcəyini etiraf edib. O, sonradan zarafatla “Mən Nilin, Nil isə mənim sındırdığımı düşünürdü” sözlərini işlədib.

Qeyd edək ki, hazırda 96 yaşı olan Bazz Oldrin “Apollo” proqramının sağ qalan son astronavtlarından biridir. Aya ayaq basan ilk insan olan Nil Armstronq isə 2012-ci ildə vəfat edib.

NASA 1972-ci ildən sonra ilk dəfə astronavtları Ay ətrafına göndərmək üçün “Artemis II” proqramını həyata keçirir. Agentlik insanların Aya qayıdışını 2028-ci ildən tez olmayaraq reallaşdırmağı planlaşdırır.