Niyazi Bayramov yenidənqurma işləri aparılan ərazilərdə olub - Fotolar

niyazi-bayramov-yenidenqurma-isleri-aparilan-erazilerde-olub
Oxunma sayı: 614

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov əvvəlcə “Nizaminin evi” kimi tanınan kinopavilyonda aparılan əsaslı təmir-bərpa işlərinə baxış keçirib.

“Qafqazinfo”nun xəbərinə görə, məlumat verilib ki, 1982-ci ildə çəkilmiş “Nizami” bədii filmi üçün xüsusi kinopavilyon kimi inşa olunmuş bu məkanda hazırda “Bakı Abadlıq Xidməti” MMC tərəfindən yenidənqurma işləri aparılır.

Burada rejissor Elxan Cəfərovun ekranlaşdırdığı “Memar Əcəmi” bədii filminin bir sıra interyer səhnələrinin lentə alınması nəzərdə tutulur.

Bildirilib ki, təmir-bərpa işləri çərçivəsində dam örtüyü, interyer, divarlar və digər konstruktiv elementlər yenilənir, XII əsr dövrünün memarlıq və məişət mühitini əks etdirən tarixi ab-hava yaradılır. Qeyd olunub ki, “Nizaminin evi” yalnız tarixi dekorasiya deyil, həm də peşəkar kino çəkilişləri üçün xüsusi layihələndirilmiş kinopavilyondur. Yenilənən məkanın gələcəkdə orta əsrlər dövrünü əks etdirən tarixi və bədii filmlərin çəkilişi üçün yaradıcı platforma kimi istifadəsi nəzərdə tutulur.

Niyazi Bayramov görülən işlərlə tanış olduqdan sonra aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələrini verib.

Şəhər rəhbəri daha sonra Gəncə Memorial Kompleksinin ərazisində aparılan təmizlik işləri ilə tanış olub. Əraziyə baxış zamanı yaşıllıq zolaqlarının mütəmadi suvarılmasının nəzarətdə saxlanılması və yaşıllıqlara düzgün aqrotexniki qulluq göstərilməsi ilə bağlı aidiyyəti üzrə müvafiq göstərişlər verib. Bununla yanaşı, Niyazi Bayramov şəhərin bir sıra ərazilərində yerləşən yaşıllıq zolaqlarında aparılan yaşıllaşdırma işləri ilə də tanış olub.