“Gözlərinə baxıb bütün arqumentləri masaya qoyacağam”

gozlerine-baxib-butun-arqumentleri-masaya-qoyacagam
Oxunma sayı: 443

“Ermənistan Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq niyyətində deyil”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan seçkiqabağı təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşdə bildirib.

Onun sözlərinə görə, Ermənistanın Aİİ-dən çıxacağı ilə bağlı yayılan məlumatlar əsassızdır.

Baş nazir qeyd edib ki, özü hazırda həm Ali Avrasiya İqtisadi Şurasının, həm də Avrasiya Hökumətlərarası Şurasının üzvüdür: “Ermənistan nəinki Aİİ-dən çıxmağa hazırlaşır, əksinə, mən Aİİ-nin bu iki ali idarəetmə orqanında təmsil olunan yeganə rəsmisiyəm”.

Paşinyan əlavə edib ki, 7 iyunda keçiriləcək parlament seçkilərindən sonra Avrasiya İqtisadi İttifaqı çərçivəsində fəaliyyətini davam etdirəcək: “7 iyundan sonra mandat alsam, işə qayıdacağam və görəcəksiniz ki, bütün panik ifadələr neytrallaşdırılacaq. Aİİ formatına qayıdacağam, həmkarlarımın gözlərinin içinə düz baxacağam və bütün arqumentləri masa üzərinə qoyacağam”.

O həmçinin Belarus Prezidenti Aleksandr Lukaşenko tərəfindən səsləndirilən “Ermənistan kimə lazımdır?” fikrinə də münasibət bildirib: “Bu ifadənin siyasi nəticələri olmalıdır. Nəticə olaraq da Ermənistan heç vaxt alternativsiz qalmayacaq. Tək yol, tək boru, tək müttəfiq ümidi ilə qalmayacağıq”.