İmişlidə şəhid ailələri ziyarət edildi - Fotolar

imislide-sehid-aileleri-ziyaret-edildi
Oxunma sayı: 168

Həmrəylik və mərhəmət rəmzi, milli-mənəvi dəyərlərimizin təntənəsi olan müqəddəs Qurban bayramı münasibətilə 26-27 may tarixlərində İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev şəhid ailələrini ziyarət edib.

“Qafqazinfo” xəbər verir ki, görüşlər zamanı torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla anılıb, ailələrin qayğıları ilə maraqlanılıb.

Şəhid ailələri Qurban bayramı və qarşıdan gələn 28 May - Müstəqillik Günü münasibətilə təbrik olunaraq, onlara əmin-amanlıq və ruzi-bərəkət arzulanıb. Onlar övladlarının adlarının yaşadılması istiqamətində görülən işləri yüksək qiymətləndirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Eyni zamanda, İmişli Rayon İcra Hakimiyyəti tərəfindən Qurban bayramı münasibətilə şəhid ailələri, qazilər və aztəminatlı ailələr üçün geniş sosial aksiya keçirilib. Rayon İcra Hakimiyyətinin, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, həmçinin bələdiyyələrin əməkdaşları ailələrə baş çəkərək onları bayram münasibətilə təbrik edib, gətirdikləri sovqatlarla ailələri sevindiriblər.

Ümumilikdə 1300-dən artıq ailəni əhatə edən aksiya çərçivəsində bayram sovqatı alan ailələr kəsilən qurbanların Allah dərgahında qəbul olunmasını diləyərək, ölkəmizin rifahı və xalqımızın firavanlığı üçün xoş arzularını ifadə ediblər.