“Hansı antiinflyasiya tədbirlərinin görüləcəyi açıqlanmalıdır”

hansi-antiinflyasiya-tedbirlerinin-goruleceyi-aciqlanmalidir
Oxunma sayı: 60

“Cari ilin ilk doqquz ayında iqtisadi artım 1,5 faiz, qeyri-neft sektorunda isə 2,6 faiz təşkil edib”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“İlin sonunadək bu göstəricilərdə ciddi dəyişiklik gözlənilmir. Belə olan halda, 2027-ci ildən iqtisadi artımın birdən-birə 2,7 faizə, 2030-cu ilədək orta hesabla 3,3 faizə, qeyri-neft sektorunda isə 4,4 faizə çatdırılmasının hansı əlavə amillər hesabına təmin ediləcəyi aydınlaşdırılmalıdır. Sosial xərclərin artımının inflyasiyanın təsiri altında əriməsinin qarşısını almaq üçün hansı əlavə antiinflyasiya tədbirlərinin görüləcəyi açıqlanmalıdır”, - deyə Əli Məsimli qeyd edib.

Deputat eyni zamanda regionlarda qazlaşdırılmamış kəndlərin problemini qaldırıb: “Şəkidə də, Qaxda da xeyli kəndlər qazlaşmayıb və bu məsələni başqa bir formada mən qoymaq istəyərdim. Qabaqlar büdcədən qazlaşma üçün vəsait ayrılırdı, həmin vəsait sürətlə kəndlərin qazlaşmasına gətirib çıxardı, sonra həmin xərclər ixtisar olundu, indi bütövlükdə bu qazlaşma məsələsi aidiyyəti qurumun, yəni Neft Şirkətinin öhdəsinə verilir. Hazırda ayrılan vəsaitlərlə yaxın 10 il ərzində qazlaşdırılmamış kəndləri bu problemlə bağlı təmin etmək mümkün deyil. Halbuki qazlaşdırılmayan kəndlərdə əhali odun yanacağından istifadə edir. Bu isə meşələrin qırılmasına və ekologiyaya zərbə vurulmasına səbəb olur”.

Nuranə Daxilqızı