Bu şəkildə 14 min peykin izi var - Foto - Video

bu-sekilde-14-min-peykin-izi-var
Oxunma sayı: 735

Yeni Zelandiyalı astrofotoqraf Brendan Larsen Taranaki dağı üzərində minlərlə peyk izinin əks olunduğu unikal kadrın süni intellekt tərəfindən yaradıldığı barədə iddiaları təkzib edib.

“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə milyonlarla baxış toplayan və geniş müzakirələrə səbəb olan fotoşəkillə bağlı şübhələri aradan qaldırmaq üçün fotoqraf çəkiliş prosesinin kadrarxası görüntülərini də paylaşıb.

Əsəri ərsəyə gətirmək üçün iki saat ərzində 8 saniyəlik ekspozisiya ilə 578 fərqli fotoşəkil çəkən Larsen redaktə prosesinə 40 saatdan çox vaxt sərf edib. Mürəkkəb montaj prosesində hər bir kadrdakı peyk izləri bir-bir üst-üstə qoyularaq gecə səmasında baş verən intensiv kosmik fəallıq üzə çıxarılıb.

Yekun kadrda Taranaki dağı üzərində təxminən 1400 peykə aid 14 min xəttdən ibarət sıx bir tor şəbəkəsi əks olunub. Fotonun süni intellekt məhsulu hesab ediləcəyini əvvəlcədən təxmin etdiyini bildirən Larsen gerçək iş prosesini göstərən “timelapse” videosunu təqdim edərək iddialara son qoyub.

Kadrın sosial mediada yayılmasından sonra istifadəçilər və mütəxəssislər səmada peyk çirklənməsinin qorxulu həddə çatdığını vurğulayıblar. Hazırda Yer orbitində 16 minə yaxın aktiv peyklə yanaşı, külli miqdarda kosmik zibil mövcuddur. Astronomlar xəbərdarlıq edirlər ki, artan kosmik trafik elmi müşahidələrə və atmosferin təbii quruluşuna mənfi təsir göstərir. Larsen bu layihəsi ilə kosmik resurslardan məsuliyyətli istifadəyə diqqət çəkmək istədiyini ifadə edib.