Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb

zelenskinin-kecmis-metbuat-katibine-dovlete-xeyanet-ittihami-ireli-surulub
Oxunma sayı: 243

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) və Baş Prokurorluq Prezident Volodimir Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendelə qiyabi olaraq dövlətə xəyanət ittihamı irəli sürüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə SBU “Telegram” kanalında məlumat yayıb.

Qurumun iddiasına görə, Mendel ictimai çıxışlarında Ukraynanın beynəlxalq nüfuzuna xələl gətirir və ölkə ərazisindəki hərbi əməliyyatlara haqq qazandırır. Ona hərbi vəziyyət dövründə törədilmiş dövlətə xəyanət maddəsi ilə ittiham irəli sürülüb.

Bildirilib ki, Mendel Ukraynadan kənarda olduğu üçün onun məsuliyyətə cəlb edilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir.

Qeyd edək ki, bundan bir neçə saat əvvəl Mendel Ukraynada səfərbərliyin işgəncəyə çevrildiyini iddia edib. O, Zelenskinin insan həyatına yalnız pul qazanmaq imkanı kimi yanaşdığını bildirib.

Xatırladaq ki, keçmiş mətbuat katibi bundan əvvəl də Ukrayna Prezidentini Rusiya ilə münaqişənin davam etməsindən ən çox faydalanan şəxs adlandırıb. Mendel bir neçə mənbədən məlumat aldığını və Zelenskinin şəxsi maraqlarına görə münaqişənin həlli ilə bağlı bir sıra razılaşmalardan imtina etdiyini iddia edib.