“Aİ ilə münasibətlərdə konstruktiv mərhələ başlayır”

ai-ile-munasibetlerde-konstruktiv-merhele-baslayir
Oxunma sayı: 285

Azərbaycan Avropa ölkələri və Avropa İttifaqının təsisatları ilə qarşılıqlı hörmətə, beynəlxalq hüquqa və bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafında maraqlıdır. Bu, Azərbaycanın uzun illərdir həyata keçirdiyi xarici siyasətin dəyişməyən prioritetlərindən biridir. Ölkəmiz heç vaxt qarşıdurma siyasəti yürütməyib, əksinə, əməkdaşlığın genişlənməsini, ortaq maraqların ön plana çıxarılmasını dəstəkləyib.

“Qafqazinfo”nun məlumatına görə, Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, deputat Tahir Mirkişili APA-ya açıqlamasında deyib ki, Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda vurğuladığı kimi, Azərbaycan heç bir ölkə və ya beynəlxalq təşkilatla münasibətlərini qarşıdurma üzərində qurmur.

Tahir Mirkişili bildirib ki, dövlət başçısı bir daha bəyan etdi ki, münasibətlərin təməlində qarşılıqlı hörmət, suverenliyə ehtiram və beynəlxalq hüququn norma və prinsipləri dayanmalıdır: “Bu yanaşma həm Azərbaycan-Avropa İttifaqı münasibətlərinə, həm də Avropa Şurası ilə əməkdaşlığa tam şəkildə aiddir. Son illər yaşanan hadisələr göstərdi ki, Avropada bəzi siyasi dairələr Azərbaycanın artan geosiyasi çəkisini və Cənubi Qafqazda formalaşdırdığı yeni reallıqları obyektiv qiymətləndirməkdə çətinlik çəkirlər. Halbuki bu gün Avropanın enerji təhlükəsizliyi, nəqliyyat marşrutlarının şaxələndirilməsi, yaşıl enerji layihələri və Orta Dəhlizin inkişafı Azərbaycanın iştirakı olmadan mümkün deyil”.

Avropa Komissiyası ilə münasibətlərdə konstruktiv mərhələ başlayır

Deputat qeyd edib ki, təəssüf ki, əvvəlki Avropa Komissiyasının fəaliyyətində anti-Azərbaycan mövqeyi tutan müəyyən siyasi qrupların təsiri açıq şəkildə hiss olunurdu: “Bu şəbəkə Avropa İttifaqı ilə Azərbaycan arasında formalaşmış strateji əməkdaşlığı inkişaf etdirmək əvəzinə, münasibətləri gərginləşdirməyə çalışırdı. Xüsusilə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə keçmiş ali nümayəndəsi Jozep Borrelin fəaliyyəti ciddi suallar doğurdu. Onun Azərbaycana münasibətdə nümayiş etdirdiyi selektiv yanaşma, qərəzli bəyanatları və beynəlxalq aləmdə etibarlılığı ciddi şəkildə şübhə altına alınmış şəxslərlə, o cümlədən Luis Moreno Okampo kimi fiqurlarla yaxın münasibətləri Avropa diplomatiyasının obyektivliyinə xələl gətirdi. Bu cür yanaşmalar nəticəsində Avropa Komissiyasının bəzi qərar və açıqlamaları tərəfdaşlıq ruhuna deyil, siyasi təzyiq mexanizminə çevrildi. Nəticədə zərər çəkən təkcə Azərbaycan olmadı. Əslində Avropa İttifaqının özü Cənubi Qafqazda etibarlı tərəfdaş imicinə xələl gətirmiş oldu. Bununla yanaşı, hazırkı Avropa Komissiyasının fəaliyyətində daha praqmatik yanaşmanın formalaşması müşahidə edilir. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfərləri bunu təsdiqləyən mühüm siyasi hadisələrdir. Bu səfərlər göstərir ki, Avropa artıq regionun reallıqlarını daha düzgün qiymətləndirməyə başlayır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində, yaşıl enerji strategiyasında, Orta Dəhlizin inkişafında və regional sabitliyin təmin olunmasında oynadığı rol danılmazdır. Münasibətlərin gələcəyi məhz praqmatik əməkdaşlıqdan keçir. İdeoloji yanaşmalar, siyasi kampaniyalar və ikili standartlar nə Avropaya, nə də regiona fayda gətirə bilər”.

AŞPA və Avropa Parlamentində Azərbaycana qarşı kampaniyalar siyasi sifariş xarakteri daşıyır

Tahir Mirkişili deyib ki, təəssüf ki, Avropa Şurası Parlament Assambleyasında və Avropa Parlamentində Azərbaycana qarşı uzun illərdir eyni mərkəzlər tərəfindən hazırlanmış siyasi ssenarilər həyata keçirilir: “Hər dəfə ölkəmiz mühüm geosiyasi uğur qazandıqda və ya beynəlxalq nüfuzu artdıqda həmin platformalarda Azərbaycana qarşı yeni qətnamələr, hesabatlar və dinləmələr təşkil olunur. Bu sənədlərin böyük əksəriyyəti obyektiv araşdırmalara deyil, əvvəlcədən hazırlanmış siyasi mövqelərə əsaslanır. Bu cür fəaliyyət Avropa institutlarının nüfuzuna ciddi zərbə vurur. Çünki selektiv yanaşma və ikili standartlar beynəlxalq təşkilatların əsas prinsipləri ilə uyğun gəlmir”.

Azərbaycanın suverenliyinə görə sanksiya tətbiq edilməsi beynəlxalq hüquqa ziddir

Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin AŞPA-da səsvermə hüququndan məhrum edilməsi bunun ən bariz nümunəsidir: “Formal olaraq insan hüquqları arqumentləri irəli sürülsə də, proseslərin xronologiyası tamamilə fərqli mənzərə ortaya qoyur. Sanksiyalar Azərbaycanın öz ərazi bütövlüyünü və tam dövlət suverenliyini bərpa etməsindən dərhal sonra tətbiq edildi. Bu isə göstərir ki, əsas səbəb insan hüquqları deyil, Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqlar idi. Əgər hər hansı dövlət BMT Nizamnaməsinə uyğun şəkildə öz ərazi bütövlüyünü təmin etdiyinə görə cəzalandırılırsa, bu, beynəlxalq hüququn prinsiplərinə açıq şəkildə ziddir. Belə şəraitdə Azərbaycanın Avropa Şurasına üzvlük məsələsini yenidən nəzərdən keçirməsi tamamilə məntiqlidir. Azərbaycan bu təşkilata əməkdaşlıq naminə qoşulub. Əgər təşkilat daxilində bəzi siyasi qruplar ayrı-seçkilik siyasəti aparır, üzv dövlətlərin hüquqlarına selektiv yanaşır və təşkilatı siyasi təzyiq alətinə çevirirlərsə, Azərbaycan bununla bağlı öz mövqeyini yenidən qiymətləndirmək hüququna malikdir. Bu, emosional qərar deyil, beynəlxalq münasibətlərdə qarşılıqlılıq prinsipindən irəli gələn hüquqi və siyasi yanaşmadır”.

Avropa üçün də seçim vaxtıdır

Tahir Mirkişili bildirib ki, bununla yanaşı, Azərbaycan heç vaxt dialoqdan imtina etməyib: “Əgər AŞPA Azərbaycan nümayəndə heyətinin hüquqlarını tam şəkildə bərpa edərsə, ölkəmizin nümayəndə heyəti Assambleyanın fəaliyyətinə qayıda bilər. Burada əsas məsələ Azərbaycanın deyil, Avropa Şurasının öz prinsiplərinə nə dərəcədə sadiq qalmasıdır. Əgər təşkilat həqiqətən bərabərlik, hüququn aliliyi və qarşılıqlı hörmət prinsiplərinə əməl edəcəksə, əməkdaşlığın bərpası üçün heç bir maneə qalmayacaq. Bu gün Avropa İttifaqı və Avropa Şurası mühüm seçim qarşısındadır. Ya anti-Azərbaycan şəbəkələrinin formalaşdırdığı köhnə yanaşmaları davam etdirəcək, ya da yeni geosiyasi reallıqları qəbul edərək Azərbaycanla strateji tərəfdaşlığı gücləndirəcək. Azərbaycanın mövqeyi aydındır. Ölkəmiz qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığa hazırdır, lakin heç bir halda milli maraqlarından, suverenliyindən və beynəlxalq hüququn təmin etdiyi hüquqlarından geri çəkilməyəcək. Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər də göstərdi ki, Azərbaycanın xarici siyasət kursu dəyişməz olaraq qalır. Bu kurs qarşıdurmaya deyil, əməkdaşlığa, təzyiqə deyil, bərabərhüquqlu tərəfdaşlığa, ikili standartlara deyil, beynəlxalq hüquqa əsaslanır. Məhz bu yanaşma Azərbaycanla Avropa arasında münasibətlərin gələcək inkişafının da yeganə sağlam əsasını təşkil edə bilər”.