Türkiyədə müğənni Haluk Leventin təsisçisi olduğu “Ahbap” dərnəyi adına toplanan ianələrin şübhəlilərin şəxsi hesablarına köçürüldüyü iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılanların sayı 22-yə yüksəlib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində daha bir nəfərin saxlanılması ilə istintaqın əhatə dairəsi genişlənib.
Prokurorluğun həbs qərarı çıxardığı şəxslər arasında Zəfər Yay, Emrah Gödeliner, Şehmus Baştuğ, Halil Bostancı, Mehmet Ulu, Sevda Kurt, Yasin Meydaneri, Rəcəb Sancak, Abdülcevat Özkan, Kemal Ötünç, Nurdan Eriş, Gülşən Öztürk, Erhan Dökmeci, Merve Yılman, Yusuf Ərtit, Tuğba Çeçek, İlker Önder Çağlayan, Yeliz Kaya, Ece Güner, Alper Çelik, Müge Sözen Çelik, Ali Barış Kaya və Banu Erenin də olduğu bildirilir.
Qeyd edək ki, “Başaran Holding” iyunun 29-da Haluk Levent, Yeliz Kaya və Esin Önder Çağlayan barəsində ayrıca cinayət işi qaldırıb. Şirkət rəhbərliyi həmin şəxslərin təxminən 60 milyon dollar dəyərində aktivləri saxtakarlıq yolu ilə ələ keçirdiklərini iddia edib.
Qaziosmanpaşa Baş Prokurorluğuna təqdim edilən şikayət ərizəsində şübhəlilərin “ağır dələduzluq”, “çirkli pulların yuyulması” və digər mümkün cinayətlərə görə məsuliyyətə cəlb olunması tələb edilib.
İddialara görə, Haluk Levent və Yeliz Kaya 2026-cı ilin fevralında “Başaran Holding”in rəhbəri Hüseyn Başaranla görüşərək, “Ahbap” dərnəyi adından universitetdə təhsil alan kimsəsiz qızlar üçün yataqxana tikmək məqsədilə daşınmaz əmlak almaq istədiklərini bildiriblər.
Şikayətçilər iddia edirlər ki, daşınmaz əmlakların dəyərinin ABŞ və Avropa İttifaqından gələcək yardım vəsaitləri hesabına ödəniləcəyi və bu vəsaitlərin Yeliz Kayanın hesabına köçürüləcəyi vəd olunub. Bunun üçün əvvəlcə əmlakların onun adına keçirilməsi tələb edilib.
Ərizədə qeyd olunur ki, 22 əmlakdan yalnız biri üçün ödəniş edilib, qalan obyektlərə görə isə heç bir vəsait köçürülməyib. Bundan sonra şirkət nümayəndələri aldadıldıqlarını anlayaraq hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Məlumata görə, Qaziosmanpaşa Baş Prokurorluğu işi aidiyyəti üzrə İstanbul Baş Prokurorluğuna göndərib və hazırda Haluk Levent, Yeliz Kaya və Esin Önder Çağlayanla bağlı ayrıca araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər