“Bilinmir təyyarə nə vaxt uçacaq, hansı dövrdə yaşayırıq?”

bilinmir-teyyare-ne-vaxt-ucacaq-hansi-dovrde-yasayiriq
Oxunma sayı: 1945

“Mən bir məqama toxunmaq istəyirəm. Söhbət Naxçıvan hava reysləri ilə bağlı yaranmış vəziyyətdən gedir. Biz Naxçıvandan seçilmiş millət vəkilləri olaraq görürük ki, hava reysləri, demək olar, avtobus reysinə çevrilib. Bilinmir təyyarə nə vaxt gələcək, nə vaxt uçacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bugünkü iclasında “Aviasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

“Vətəndaş aeroporta gəlir, ona deyirlər ki, reys üç saat gecikəcək. Bilet alır, sonra məlum olur ki, bileti növbəti günə keçiriblər. Axı biz hansı dövrdə yaşayırıq? Bu gün hər kəsin mobil telefonu var, elektron sistemlər mövcuddur, yeni innovasiyalar tətbiq edilir. Heç olmasa, sərnişinlərə əvvəlcədən mesaj göndərilsin ki, məsələn, reys üç saat təxirə salınıb.

Bu problem həm Bakıdan Naxçıvana, həm də Naxçıvandan Bakıya olan reyslərdə müşahidə olunur. Lakin bunun səbəbi barədə heç kim izahat vermir. Vətəndaş uzaq kənddən taksi ilə aeroporta gəlir, əlavə xərc çəkir, sonra ona bildirilir ki, uçuş sabahdır və həmin gün reys yoxdur. Yaxud deyirlər ki, üç saatdan sonra yenidən aeroporta gəlsin. Belə olan halda ya üç saat aeroportda gözləməli, ya da geri qayıdıb yenidən aeroporta gəlməli olur. Nəticədə beş saata yaxın vaxt itirir.

Ona görə də aidiyyəti komitələrdən xahiş edirəm ki, bu məsələ ilə məşğul olsunlar. Səbəbləri araşdırsınlar və insanlara izah etsinlər. Vətəndaşlar səbəbi bilsələr, bunu anlayışla qarşılayacaqlar. Blokada şəraitində yaşayan Naxçıvan əhalisinin heç olmasa, bu hüquqları təmin olunmalıdır”, -  komitə sədri qeyd edib. 

Birinci vitse-spiker Əli Əhmədov deputatın fikirlərinə münasibətində bildirib ki, təyyarə reyslərinin gecikməsi və belə halların baş verməsi təkcə Naxçıvana aid məsələ deyil: “Hava şəraiti və digər fövqəladə hallarla əlaqədar reyslərin gecikməsi baş verir. Bu da təbii olaraq sərnişinlər üçün müəyyən çətinliklər yaradır və narazılıqlara səbəb olur. Güman edirəm ki, səsləndirdiyiniz fikirlər müvafiq qurumların diqqətinə çatdırılacaq”.

Nuranə Daxilqızı