AYB-nin üzvü, gənc yazar, jurnalist Ruzbeh Məmməd “Eşq şəhərində darıxanlar üçün” adlı şeir yazıb.
“Qafqazinfo” sözügedən şeiri təqdim edir:
qatar çıxıb gedibsə, şəhər də boş qalıbsa
ömür yarıyuxulu, keçib və azalıbsa
dənizdə gəmilər də bezib lövbər salıbsa
vidalaşmaq vaxtıdı: sağ ol, qəribim şəhər
haçansa görüşərik, qayıtsaq bir gün səhər...
***
hər şey öz axarından çıxır sükut içində
quş dimdiyindən şeir atdım sənə köçümlə
asıldığım ağacdan yapışdım var gücümlə
üzüm saralıncamı, məni boğunca qəhər
gülümsəyib baxıram, şəklimi tez kim çəkər?
kədər yolumdan böyük, sevinc addım qədərdi
ümid bom-boz çöllükdü, darıxmaq da hədərdi
Unudulan qadınlar harda və nətəhərdi?
o şəhərlər var idi, gecələri qaranlıq
skamiyalar soyuq, həm də bir tək adamlıq
...və şəhərdən, küçədən, sevdiyimiz qadından
qaldı rəngsiz şəkillər, qaldı vədlər, yalanlar...
bir-birinə oxşayır dünyada atılanlar...
söndü göyün üzündə ulduzlar da birbəbir
ən yaxşı hədiyəymiş bir adamlıq boş qəbir
hər kəs arzu elədi, arzusuna çatmadı
bizdən keçib gedənlər bəs kimi aldatmadı?
peyğəmbərlik etmək də adımıza yatmadı
eşqtək divanəlikdən endik boydan dərinə
apardı kabus bizi başqa eşq şəhərinə...
orda eşqlər qəribdi, orda hər yer kölgədi
adam üçün ölməyə ən yaxşı yer ölkədi
gəl ki, sığındığımız ümidlər də puç imiş
nəyi nə vaxt anlamaq biləndə də gec imiş...
***
gərək inciməzdin heç
gərək ötüb keçəydin
sən dağılmış şəhərdin
tərk edilmiş küçəydin
mən səni
axtaranda
nə həmin vaxtdı, nə o an
nə mən mənəm, nə sən sən
sən mənim getmədiyim,
gərçi arzu etdiyim
ən sevdiyim şəhərsən
ki,
bildim darıxanda
o gün yuxuda görmüşəm:
tənhalığın içində,
qaşqabağa batmısan,
bir az üzdən kökəlmisən,
bir az saç uzatmısan...
hikkən də bir az azalıb
əvvəlkinə baxanda
səndən bircə istədiyim;
saçlarını toxunma,
məndən acığ çıxanda...
bilirəm, onsuz tənhadı
mənim öpüb, and içdiyim
qollarınsa yaxanda...
gərək inciməzdin heç
gərək keçib gedəydin
mən səni axtaranda...
***
yarpaqlar tökülən vaxta
belimiz bükülən vaxta
gözümüz qapı səsinə
göz verib dikilən vaxta
çatammadıq, a zalım
bizi ötürməkçün adam
bizi güldürməkçün adam
bizi öldürməkçün adam
tapammadıq, a zalım
ömür bir daş, bir şəkil
o da qismətsə təki...
bir gün başa bir tətik
atammadıq, a zalım
Ruzbeh Məmməd
Son xəbərlər
Son Xəbərlər