Türkiyədə sabiq nazir həbs edildi

turkiyede-sabiq-nazir-hebs-edildi
Oxunma sayı: 5851

Türkiyədə İstanbul Baş Prokurorluğunun apardığı kapital bazarları araşdırması çərçivəsində keçmiş ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya “kapital bazarı qanununu pozmaq” və “cinayət törətmək üçün yaradılmış təşkilata üzvlük” ittihamları ilə həbs olunub.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, Terrorizmin Maliyyələşdirilməsi və Çirkli Pulların Yuyulması Cinayətlərinin İstintaq Bürosunda 2 saat 15 dəqiqə davam edən ifadəsindən sonra növbəti məhkəməyə göndərilən keçmiş nazir barəsində qaçış və sübutların saxtalaşdırılması riski nəzərə alınaraq həbs qəti imkan tədbiri seçilib.

Eyni araşdırma çərçivəsində digər şübhəlilər – İlyas Kaya və Kapital Bazarları Şurasının keçmiş sədri İbrahim Ömər Gönül barəsində isə imza atmaq və xaricə səyahət qadağası kimi məhkəmə nəzarəti tədbirləri tətbiq olunub.

Prokurorluğun göndəriş sənədlərinə əsasən, Kayanın “Özata Denizcilik” (OZATD) səhmləri ilə bağlı “Tera Qrup” rəhbərləri Emre Tezmen və Erdin Özel ilə intensiv əlaqədə olduğu və qrupda investisiya hesabı açdığı təsdiqlənib. Bazarın qiymətinə təsir edə biləcək açıqlanmayan məlumatlara sahib olduğu bildirilən şübhəlinin 2026-cı ilin aprelində aldığı OZATD səhmlərini ləğvetmə qərarından bir gün əvvəl - 16 sentyabrda “Tera Yatırım”a köçürərək sürətli şəkildə nağdlaşdırdığı müəyyən edilib. Ödənişin standart T+2 yerinə dərhal (T+0 mövqeyində) həmin gün həyata keçirilməsi və əməliyyatların ləğv qərarından dərhal əvvəl baş tutması onun prosesdən öncədən xəbərdar olduğunu göstərib.