ATU-da Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirildi - Fotolar

atu-da-zefer-gunune-hesr-olunmus-silsile-tedbirler-kecirildi
Oxunma sayı: 427

Azərbaycan Tibb Universitetində (ATU) 8 Noyabr – Zəfər Günü münasibətilə silsilə tədbirlər təşkil olunub. 

“Qafqazinfo” xəbər verir ki, tədbirlər çərçivəsində ilk olaraq universitetin rəhbərliyi ATU-nun həyətində Vətən müharibəsində şəhid olmuş məzunların xatirəsinə ucaldılan memorial kompleksi ziyarət edib.

Rektor, professor Gəray Gəraybəyli və universitetin rəhbər heyəti abidə önünə gül dəstələri qoyaraq Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş məzunların əziz xatirəsini dərin ehtiramla yad ediblər. 

Daha sonra universitetdə şəhid ailələrinin üzvləri ilə görüş keçirilib. 

Görüşdə çıxış edən rektor, professor Gəray Gəraybəyli şəhid ailələrini Zəfər Günü münasibətilə təbrik edərək bu möhtəşəm tarixin Azərbaycan xalqının milli yaddaşında, dövlətçilik tarixində və gələcək nəsillərin təfəkküründə daim yaşayacağını bildirib. 

Rektor 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin yalnız hərbi uğur deyil, həm də xalqımızın sarsılmaz iradəsinin, milli birliyinin, dövlətə və Vətənə bağlılığının təntənəsi olduğunu diqqətə çatdırıb. O, qeyd edib ki, bu şanlı Zəfər uzun illər davam edən işğala son qoymaqla xalqımızın tarixi ədaləti bərpa etmək arzusunu gerçəkləşdirib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizəsində yeni bir mərhələnin əsasını qoyub.

Gəray Gəraybəyli gələcək nəsillərin 44 günlük müharibənin tarixini, torpaqlarımızın 27-28 il davam edən işğal dövrünü və bu işğala son qoyan möhtəşəm Zəfəri tarix kitablarından öyrənəcəklərini də vurğulayıb: “Bununla belə, həmin tarixi hadisələrin mahiyyətini dərindən dərk etmək üçün Qələbənin hansı ağır sınaqlar, misilsiz fədakarlıqlar və insan taleləri hesabına əldə edildiyini də unutmamaq lazımdır. Şəhidlərimizin göstərdiyi qəhrəmanlıq, qazilərimizin fədakarlığı və onların ailələrinin çəkdiyi mənəvi ağrı bu tarixin ayrılmaz hissəsidir. Zəfər tarixini yaşatmaq həm də bu qəhrəmanlıq salnaməsinin müəlliflərinə – şəhidlərimizə, qazilərimizə və onların doğmalarına ehtiram göstərmək deməkdir”. 

Rektor xüsusilə qeyd edib ki, tarixi Qələbənin əldə olunması Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uzun illər ərzində həyata keçirilən məqsədyönlü və uzaqgörən siyasətin, dövlətin iqtisadi, siyasi və hərbi qüdrətinin sistemli şəkildə gücləndirilməsinin nəticəsidir: “İşğalın davam etdiyi uzun illər ərzində Azərbaycanın torpaqlarını hərbi yolla azad edə bilməyəcəyi barədə müxtəlif fikirlər səsləndirilsə də, xalqımız heç zaman öz inamını itirməyib. Azərbaycan dövləti və xalqı ən mürəkkəb geosiyasi şəraitdə belə tarixi torpaqlarına qayıdacağına, ədalətin bərpa olunacağına inamını qoruyub saxlayıb”. 

Professor şəhid ailələri və məcburi köçkünlərlə keçirilən görüşlərdə də torpaqlarımızın azad ediləcəyinə, doğma yurda qayıdışın mütləq gerçəkləşəcəyinə əminlik dönə-dönə vurğulanıb: “Bu gün həmin arzuların reallığa çevrilməsi xalqımızın iradəsinin və dövlətimizin qətiyyətinin təntənəsidir”. 

Gəray Gəraybəyli Prezident İlham Əliyevin Azərbaycanın qələbəyə aparan yolunu, zamanını və strategiyasını əvvəlcədən müəyyənləşdirdiyini xatırladaraq bildirib ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlanan Vətən müharibəsi cəmi 44 gün ərzində regionun siyasi və hərbi mənzərəsini köklü şəkildə birdəfəlik dəyişdi. Azərbaycan Ordusunun şücaəti, xalqımızın birliyi və Ali Baş Komandanın qətiyyətli rəhbərliyi nəticəsində Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi tam bərpa olundu. 

Rektor xüsusi olaraq vurğulayıb ki, Zəfər Günü hər bir azərbaycanlının qəlbində qürur, minnətdarlıq və məsuliyyət hissi yaradan müqəddəs tarixdir: “Bu günün mənəvi yükü, ilk növbədə, Vətən uğrunda ən qiymətli varlığını – övladını fəda etmiş şəhid ailələrinin üzərinə düşür. Şəhidlərimizin bizə əmanət etdiyi azad, bütöv və suveren Azərbaycanı qorumaq, inkişaf etdirmək, onların xatirəsini daim uca tutmaq hər birimizin vətəndaşlıq və mənəvi borcudur”. 

Professor belə qəhrəman övladlar yetişdirən ailələrin qarşısında hər kəsin böyük mənəvi borcu olduğunu bildirərək şəhid ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdirilməsinin vacibliyini qeyd edib. O, çıxışının sonunda şəhidlərimizin əziz xatirəsi qarşısında ehtiramla baş əydiyini bildirib, onların ailələrinə dərin hörmət və minnətdarlığını çatdırıb, qazilərimizə möhkəm cansağlığı, ölkəmizə isə davamlı sülh, əmin-amanlıq və firavanlıq arzulayıb. 

Görüşdə çıxış edən şəhid anası Mətanət Nəcəfova Zəfər Gününün Azərbaycan xalqına yaşatdığı qürur və sevinc hisslərindən danışıb. O, Vətən müharibəsinin ilk günündən son gününədək xalqımızın dövlət başçısının ətrafında sıx birləşərək ordumuza hərtərəfli dəstək göstərdiyini vurğulayıb. Şuşanın azad edilməsini xalqımızın çoxəsrlik tarixinin ən möhtəşəm hadisələrindən biri kimi dəyərləndirən şəhid anası bu tarixi Zəfərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. M.Nəcəfova, həmçinin Azərbaycan Tibb Universitetinin rəhbərliyinə və kollektivinə şəhid ailələrinə göstərilən diqqətə, qayğıya və mənəvi dəstəyə, onları daim diqqət mərkəzində saxladıqlarına görə təşəkkür edib. 

ATU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımov çıxışında şəhid ailələrinə diqqət və qayğının universitet rəhbərliyinin və kollektivinin fəaliyyətində daim prioritet təşkil etdiyini bildirib. 

C.Qasımov universitet rəhbərliyinin və Həmkarlar İttifaqı Komitəsinin şəhid ailələri ilə əlaqələrin davamlı saxlanılmasına, onların qayğı və ehtiyaclarının diqqətdə tutulmasına xüsusi önəm verdiyini vurğulayıb. O, həmçinin şəhid ailələrinin üzvlərinin may ayında Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən “Təbib” İstirahət Mərkəzinə göndəriləcəyini diqqətə çatdırıb. 

Daha sonra ATU rəhbərliyi Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən Rəsm klubunun təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş sərgi ilə tanış olub. Sərgidə Vətən sevgisi, milli-mənəvi dəyərlər, tarixi Qələbə və qəhrəmanlıq mövzularını əks etdirən rəsm əsərləri, eləcə də tələbələrin hazırladıqları müxtəlif toxuma nümunələri nümayiş etdirilib. 

Sərgi tələbələrin yaradıcılıq potensialının nümayişi ilə yanaşı, Zəfər tariximizin gənc nəslin düşüncəsində və yaradıcılığında necə yaşadığını əks etdirən mənəvi platforma kimi də diqqət çəkib.