Demokratlar Tramp və Maskla bağlı araşdırmalara hazırlaşır

demokratlar-tramp-ve-maskla-bagli-arasdirmalara-hazirlasir
Oxunma sayı: 511

ABŞ-də Demokratlar Partiyasının nümayəndələri Prezident Donald Trampın fəaliyyəti ilə bağlı genişmiqyaslı araşdırmalara başlamağa hazırlaşırlar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” onlarla konqresmen, hüquqşünas və siyasi məsləhətçinin açıqlamalarına istinadən məlumat yayıb.

Bildirilib ki, mümkün araşdırmaların əhatə dairəsinə “SpaceX” şirkətinin rəhbəri İlon Mask, Trampın oğulları və Ağ Evin bir sıra əməkdaşları da daxil edilə bilər.

Nəşr yazır ki, demokratlar noyabrın 3-də keçirilən aralıq seçkilərdən sonra Trampa qarşı dərhal impiçment prosedurunun başladılmasını təklif etsələr də, əvvəlcə bunun üçün hüquqi əsasların toplanmasına qərar veriblər.

ABŞ-nin “Arnold & Porter” şirkətinin Konqresə nəzarət məsələləri üzrə mütəxəssisi Reyçel Kotton bildirib ki, həm prezident administrasiyasını, həm də özəl sektoru əhatə edən genişmiqyaslı araşdırmalar gözlənilir:

“Biz həm ABŞ prezidentinin administrasiyasına, həm də özəl sektora yönəlmiş çoxsaylı, sərt və genişmiqyaslı araşdırmaların aparılacağını gözləyirik”.

Xatırladaq ki, noyabrın 3-də keçirilən aralıq seçkilərin ilkin nəticələrinə əsasən, Demokratlar Partiyası Konqresin hər iki palatasında çoxluğu əldə edib. Demokratlar ənənəvi olaraq respublikaçıların üstünlük təşkil etdiyi Texas, Kanzas və Cənubi Karolina kimi ştatlarda da gözlənilməz qələbələr qazanıblar.

Məlumat üçün bildirək ki, Tramp seçkilərin nəticələrini qəbul etsə də, respublikaçıların məğlubiyyətini özünün məğlubiyyəti hesab etmədiyini bildirib.