Bakıda maşının klinikaya çırpıldığı anın görüntüləri - Video - Yenilənib

bakida-masinin-klinikaya-cirpildigi-anin-goruntuleri
Oxunma sayı: 3144

Xəbər verdiyimiz kimi, noyabrın 4-ü paytaxtın Cəfər Xəndan küçəsində ağır qəza olub. “BMW” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində idarəetmədən çıxan “BMW” səkiyə çıxaraq “Universal Hospital”ın binasına çırpılıb.

Hadisə zamanı avtomobillərə və klinikaya xeyli zərər dəyib. Binanın şüşələri qırılıb.

“Qafqazinfo”nun Oxu.Az-a istinadən məlumatına görə, günorta saatlarında baş vermiş qəzada xəsarət alanlar olub. Bildirilir ki, yaralılar arasında azyaşlı da var. Xəsarət alanlardan ikisinin vəziyyəti ağır olaraq qiymətləndirilib.

Onlarda çoxsaylı travmalar, döş qəfəsinin əzilməsi, yer dəyişmiş sümük sınıqları və daxili qanaxma aşkarlanıb. Hər iki yaralıya ilkin tibbi yardım göstərildikdən sonra reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.

Hadisə anının görüntülərini təqdim edirik:

***

“Universal Hospital”dan “Qafqazinfo”ya bildirilib ki, noyabrın 4-ü klinikanın yaxınlığında baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan, biri uşaq olmaqla üç piyada təcili olaraq xəstəxanaya qəbul edilib: “Yaralılardan ikisi bədənin multitravma yaralar, döş qəfəsinin kompression əzilməsi, yerdəyişmiş sümük sınıqları, daxili qanaxma və ağrı şoku ilə ağır vəziyyətdə hospitalizasiya olunub. Hər iki xəstəyə ilkin təcili tibbi yardım göstərilib, daha sonra onlar Reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.

Klinik və radioloji müayinələrin nəticələrinə uyğun olaraq zəruri müalicə tədbirləri həyata keçirilib, planlaşdırılan cərrahi müdaxilələrin icrasına başlanılıb. Son klinik qiymətləndirməyə əsasən, hər iki xəstənin ümumi vəziyyəti orta-ağır, hemodinamik göstəriciləri stabildir. Müalicələri və tibbi müşahidələri davam etdirilir.

Uşaq pasiyent isə bir günlük stasionar müşahidə və müalicədən sonra qənaətbəxş vəziyyətdə evə buraxılıb”.