Prezident Endi Börnhemlə görüşdü - Yenilənib

prezident-endi-bornhemle-gorusdu
Oxunma sayı: 1080

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə toplantısında iştirak etmək üçün İrlandiyanın paytaxtı Dublinə səfər edib.

“Qafqazinfo”nun məlumatına görə, yaxın saatlarda Prezident İlham Əliyevin Britaniyanın Baş naziri Endi Börnhemla görüşü gözlənilir.

Məlumata görə, görüşdə Azərbaycan və Britaniya arasında Strateji Tərəfdaşlığa dair sənədin imzalanması nəzərdə tutulur. Bu sənədlə Azərbaycan və Britaniya münasibətlərində tam yeni səhifə açılır, əlaqələrdə yeni mərhələ başlayır.

***

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” mübadilə olundu.

Söhbət zamanı bu Bəyannamənin qəbul edilməsinin əlaqələrimizin rəsmi olaraq keyfiyyətcə yeni səviyyəyə qalxmasına xidmət etdiyi vurğulandı. Hətta bu sənədin qəbulundan əvvəl də Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı bir daha qeyd edildi.

Dövlətimizin başçısı ölkələrimiz arasında enerji sahəsində 30 ildən artıq davam edən uğurlu əməkdaşlığa toxunaraq, Böyük Britaniyanın Azərbaycanda Avropanın ən böyük investoru olduğunu dedi.

Hazırda bərpaolunan enerji, yüksək texnologiyalar, süni intellekt sahələrində də əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulandı. Bu xüsusda son aylarda Britaniyadan Azərbaycana həyata keçirilən yüksəksəviyyəli rəsmi səfərlərin və aparılmış müzakirələrin əhəmiyyətinə toxunuldu.

Görüşdə, həmçinin beynəlxalq gündəlikdə duran məsələlərə dair fikir mübadiləsi aparıldı.