Bakının Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsi, ev 4A ünvanında yerləşən binada bir sıra problemlərin olduğu bildirilir.
“Qafqazinfo”ya müraciət edən həmin binanın sakini Larisa Vladimirovna Hacıyeva iddia edir ki, binanın komendantı hər ay sakinlərdən mütəmadi olaraq ödəniş toplasa da, qarşılığında lazımi xidmətlər göstərilmir.
Sakin yaranmış vəziyyətin xüsusilə yaşlılar və uşaqlar üçün çətinlik yaratdığını vurğulayıb: “Oktyabrın 24-də binanın liftində bədbəxt hadisə baş verib. Bir nəfər kişi mərtəbələr arasında sıxılaraq qalıb və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Binada iki liftin fəaliyyət göstərməsi nəzərdə tutulsa da, hazırda yalnız bir lift işləyir, o da tez-tez sıradan çıxır. Hadisə baş verən gündən etibarən isə liftin fəaliyyəti tamamilə dayanıb. Bina 12 mərtəbəlidir. Burada yaşlı insanlar, azyaşlı uşaqlar yaşayır. Liftin işləməməsi gündəlik həyatımızı ciddi şəkildə çətinləşdirir”.
Hacıyeva binanın ümumi vəziyyətinin də qənaətbəxş olmadığını qeyd edib. O bildirib ki, blokların təmizliyinə də sakinlər baxır və ərazini özləri süpürməyə məcbur qalırlar: “Komendantın icazəsi ilə mərtəbələrdə paltar asmaq üçün iplər çəkilir. Bu isə yanğın və digər fövqəladə hallar zamanı mərtəbədəki yeganə pəncərəyə çıxışı, yəni mümkün təxliyə yolunu bağlayır. Binanın giriş qapısı və domofon sistemi işləmir, mühafizə xidməti isə binaya daxil olan kənar şəxslərə lazımi nəzarəti həyata keçirmir. Şəxsən mən hər ay 37 manat ödəniş edirəm və bunu təsdiqləyən qəbzim də var. Bina bu vəziyyətdədirsə, biz həmin pulu hansı xidmətə görə ödəyirik?!”
Məsələ ilə bağlı binanın komendatı isə sorğularımıza cavab olaraq bildirib ki, lift işlək vəziyyətdədir, təmizlik işləri lazımi səviyyədə görülür və mühafizə xidməti də fəaliyyət göstərir: “Digər tərəfdən, sakinin “hər ay 37 manat ödəyirik” deməsi həqiqəti əks etdirmir. Belə ki, kommunal xidmət haqqı mənzilin hər kvadratmetrinə görə 0,30 qəpik məbləğində hesablanır. Mənzilin sahəsindən asılı olaraq bu məbləğ dəyişir; məsələn 15 və ya 25 manat ödəyən sakinlər də var.
Təhlükəsizlik məsələsi ilə bağlı da sizə yanlış məlumat verilib. Hazırda ixtisaslaşmış lift xidməti təşkilatı ilə müqaviləmiz mövcuddur. Onlar mütəmadi olaraq liftlərə texniki baxış keçirirlər və bunun müqabilində tərəfimizdən aylıq ödəniş edilir. Bundan əlavə, Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən müəyyən olunmuş qrafik üzrə yoxlamalar aparılır və indiyədək liftlərdə hər hansı nasazlıq olması barədə bizə rəsmi qərar təqdim edilməyib.
Liftdə baş verən hadisəyə gəlincə, qeyd edə bilərəm ki, həmin şəxslər ad günü məclisindən qayıdırmışlar və hadisə məhz onların liftdən istifadə qaydalarına düzgün riayət etməmələri səbəbindən baş verib”.
Lamiyə Məmmədova









Son xəbərlər
Son Xəbərlər