General qızı həbs edilmədi - Qərar verildi

general-qizi-hebs-edilmedi
Oxunma sayı: 5080

General-mayor Natiq Əliyevin dünən gecədən saxlanılan qızı Türkər Əliyeva məhkəməyə çıxarılıb.

“Qafqazinfo”nun məlumatına görə, onunla bağlı təqdimata Sumqayıt Şəhər Məhkəməsində baxılıb.

Prokuror təqsirləndirilən şəxsin ağır cinayətdə təqsirləndirildiyini, ən əsası şahidlərə təsir imkanının olduğunu əsas gətirərək həbs edilməsini tələb edib.

Türkər və vəkili isə əksinə təqdimatın əsaslı olmadığını deyib, təmin edilməməsini xahiş ediblər. Vəkil müvəkkilinin 4 uşağı olduğunu da məhkəmənin diqqətinə çatdırıb.

Məhkəmə tərəfləri dinlədikdən sonra təqsirləndirilən şəxsin həbsinə əsas görməyib. Qərara əsasən həbs qətimkan tədbirinin seçilməsindən imtina olunaraq Türkel barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. O, məhkəmə salonundan sərbəst buraxılıb.

Hakim təqsirləndirilən şəxsin himayəsində 3 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşağının olmasını, uşaqlarını təkbaşına böyütməsini, vurulmuş ziyandan müəyyən məbləğdə geri qaytarılmasını nəzərə alıb.

Bundan əlavə Türker Əliyevanın daimi yaşayış yerinin olması, himayəsində olan 4 uşağı ilə qeyd olunan ünvanda yaşaması, istintaq orqanından yayınmaması və yayınmaq niyyətini təsdiq edəcək heç bir sübutun məhkəməyə təqdim olunmaması və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması həbsdən imtina üçün əsas sayılıb.

Fotoda zərərçəkmiş Ceyhun Rzayev

Qeyd edək ki, Türkər keçmiş MTN generalı, hazırda Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Ceyhun Rzayevin şikayəti əsasında tutulub. İttihama görə, Türkər torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə Rzayevdən külli miqdarda pul alıb.

Sumqayıt şəhər prokurorluğu tərəfindən general qızına Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq), 32.4, 313-cü (cinayətə təhrik etməklə vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Sail Ağasəlim