ABŞ-nin müdafiə naziri Pit Heqset Arlinqton Milli Qəbiristanlığında sükut qaydalarını pozduğuna görə ona və komandasına xəbərdarlıq edən əsgər Tomas İqlesiası mükafatlandırıb.
“Qafqazinfo”nun xəbərinə görə, hadisə Veteranlar Günündə ABŞ rəsmilərinin Arlinqton Milli Qəbiristanlığındakı “Naməlum əsgər” məzarını ziyarəti zamanı baş verib.
Pit Heqset, həyat yoldaşı və müşavirləri abidə qarşısında şəkil çəkdirərkən qrupdan gülüş və danışıq səsləri eşidilib. Bu zaman abidənin keşiyini çəkən 3-cü Piyada Alayının əsgəri Tomas İqlesias ziyarətçilərə yaxınlaşaraq sərt şəkildə nizam-intizamı xatırladıb: “Bütün ziyarətçilər hər zaman sükut və hörmət mühitini qorumalıdırlar”.
Görüntülərin mediada geniş yayılmasından sonra Pentaqon əsgərin öz xidməti vəzifəsini düzgün və hörmətlə yerinə yetirdiyini bəyan edib. Pit Heqset İqlesiası və onun xidmət etdiyi bölmənin üzvlərini Pentaqona dəvət edərək, əsgərə “Birgə Xidmət Tərif Medalı” təqdim edib.
Mükafatlandırma mərasimindən fotoları sosial media hesabında paylaşan Heqset əsgərin prinsipial mövqeyini təqdir edib: “Biz əsgərləri sevirik. Biz standartları sevirik. Afərin. Xidmətinizə davam edin, vətənpərvərlər”.
Son xəbərlər
Son Xəbərlər