Hacıbaba Babayev bu kəndlərin sakinləri ilə görüşdü - Fotolar

hacibaba-babayev-bu-kendlerin-sakinleri-ile-gorusdu
Oxunma sayı: 149

Azərbaycan Prezidenti İlham Əliyevin vətəndaş müraciətlərinə həssaslıqla yanaşılması, onların operativ və obyektiv şəkildə araşdırılması ilə bağlı tapşırıqlarının icrasına uyğun olaraq təsdiq olunmuş qrafik əsasında Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının oktyabr, noyabr və dekabr ayları üzrə rayonun bütün yaşayış məntəqələrini əhatə etməklə həftənin 3 günü, 6 səyyar görüşün keçirilməsi müəyyən edilib.

“Qafqazinfo” xəbər verir ki, sözügedən qrafikə uyğun olaraq Rayon İcra Hakimiyyətinin başçısı Hacıbaba Babayev idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə rayonun Poladlı, Əmir, Hacıalılar, Kələman, Heriknaz, Qozqaralı, Qaraməmmədli, Qızıltorpaq, Kəsəmən, Şınıx, Kollu və Göyəlli kəndlərinin sakinləri ilə görüşüb. Görüşlər zamanı vətəndaşların qaldırdığı məsələlər yerində operativ cavablandırılıb, araşdırılması tələb olunan bəzi məsələlərlə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib.

Bununla yanaşı, əvvəlki görüşlərdə sakinlər tərəfindən qaldırılmış məsələlərin həlli istiqamətində tədbirlər davam etdirilir. Belə ki, Gədəbəy şəhərinin Heydər Əliyev prospekti boyunca yol kənarında istinad divarlarının bərpası, işıqlandırma sistemlərinin yenilənməsi və ərazinin abadlaşdırılması işləri həyata keçirilir. Eyni zamanda rayonun yaşayış məntəqələrində təmirə ehtiyacı olan dayanacaqların əsaslı bərpası və yeni, müasir tipli dayanacaqların quraşdırılması və Xarxar kəndində piyada səkilərinin təmiri işləri aparılır. Digər yaşayış məntəqələrində də bu istiqamətdə işlər davam etdirilir.

Yaşayış məntəqələrində keçirilən görüşlərdə sakinlər dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın əhalinin sosial rifahının yaxşılaşdırılmasına göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirərək vətəndaş müraciətlərinin yerində dinlənilməsini və mövcud problemlərin həlli istiqamətində görülən tədbirləri müsbət dəyərləndiriblər.