Bakıda 1 həftəlik kino festivalı keçirilir

bakida-1-heftelik-kino-festivali-kecirilir
Oxunma sayı: 1362

“Dekabrın 5-11-də Bakı şəhərində “Yaradıcı Sənayilər Həftəsi” çərçivəsində “Baku Cinema Breeze - 2025” beynəlxalq kino festivalı təşkil olunur. Festivalda 50-dən çox ölkədən 300-dən artıq nümayəndə iştirak edir”.  

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Kino Agentliyinin baş direktoru Rəşad Əzizov “İƏT Yaradıcı Həftə 2025”in rəsmi açılış mərasimi zamanı jurnalistlərə açıqlamasında bildirib. 

O qeyd edib ki, festival çərçivəsində animasiya, sənədli və bədii filmlərin nümayişi, həmçinin müxtəlif ölkələrin kino günləri keçirilir: “Bu, tamaşaçılar üçün həm yerli, həm də xarici kino tendensiyalarını yaxından izləmək imkanı yaradır.

Tədbir həmçinin yeni koproduksiyalar, distribusiya imkanları və beynəlxalq əməkdaşlıqların müzakirəsi üçün vacib platforma rolunu oynayır. Festivalın məqsədi regional kino bazarının inkişafına töhfə verərək Azərbaycanı Türk dünyasının kino mərkəzlərindən birinə çevirməkdir.  

6 dekabrda “Boşuluğa Xütbə” filminin Bakıda premyerası keçirilib. Festivalın son günü - 11 dekabrda isə “Kür Çaylar Anası” filminin premyerası baş tutacaq”.

***

“İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə - 2025” çərçivəsində film sahəsində maraqlı və məhsuldar qarşılıqlı əlaqələr formalaşır”.

Bunu türkiyəli rejissor Sedat İnci jurnalistlərə açıqlaması zamanı bildirib.

Rejissorun sözlərinə görə, festival yaradıcı şəxslər üçün yeni ideyaların müzakirəsi, təcrübə mübadiləsi və əməkdaşlıq imkanlarının genişlənməsi baxımından mühüm platformadır: “Belə tədbirlər həm film sektorunun inkişafına töhfə verir, həm də yeni layihələrin meydana çıxmasına stimul olur. Festival məndə çox xoş təəssürat yaratdı. Bu təşəbbüsün gələcəkdə də davamlı olmasını, daha geniş miqyas almasını və ənənəyə çevrilməsini arzulayıram”.

Lamiyə Məmmədova