“Avromed” şəhid övladları üçün tədbir keçirdi - Fotolar

avromed-sehid-ovladlari-ucun-tedbir-kecirdi
Oxunma sayı: 312

Ölkənin aparıcı əczaçılıq şirkətlərindən olan “Avromed Company” MMC 8 Noyabr – Zəfər Günü münasibətilə Vətən müharibəsi şəhidlərinin övladları üçün xüsusi master-klas təşkil edib.

“Qafqazinfo” xəbər verir ki, tədbir “YAŞAT” Fondunun dəstəyi və təşkilati tərəfdaşlığı ilə həyata keçirilib.

Layihənin əsas məqsədi qəhrəman şəhidlərimizin əmanəti olan uşaqlara bayram əhval-ruhiyyəsi bəxş etmək, onların yaradıcılıq qabiliyyətlərinin və dünyagörüşlərinin inkişafına dəstək olmaqdır.

Tədbir çərçivəsində uşaqlar peşəkar təlimçilərin rəhbərliyi ilə müxtəlif interaktiv və əyləncəli yaradıcılıq işlərində iştirak edib, öz əl işlərini ərsəyə gətiriblər. Şən və səmimi atmosferdə keçən master-klas boyunca uşaqlar həm yeni bacarıqlar qazanıb, həm də unudulmaz anlar yaşayıblar.

Proqramın sonunda “Avromed Company” tərəfindən iştirakçıların hər birinə xüsusi hazırlanmış hədiyyələr təqdim olunub.

Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın ailələrinə və övladlarına diqqət yetirmək şirkətin korporativ sosial məsuliyyət siyasətinin ən mühüm istiqamətlərindən biridir. Şirkət bundan sonra da “YAŞAT” Fondu ilə əməkdaşlıq çərçivəsində bu qəbildən olan sosial layihələri davam etdirməyi hədəfləyir.

Qeyd edək ki, 2002-ci ildən fəaliyyət göstərən “Avromed Company” MMC Azərbaycanda əczaçılıq sektorunun inkişafına töhfə verən aparıcı distribüter şirkətlərdən biridir. Şirkət dünyanın 40-dan çox ölkəsindən 200-dən artıq tədarükçü ilə əməkdaşlıq edir və ölkə üzrə aptek, klinika və xəstəxanaları fasiləsiz olaraq sağlamlıq məhsulları ilə təmin edir.

Avromed müasir logistika şəbəkəsi və keyfiyyətli məhsulları ilə bazarda etibarlı distribüter şirkəti kimi tanınır.