“EDU Company” təhsil şirkəti 31 oktyabr 2026-cı il tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetində yüksək nəticə göstərən abituriyentlərinin təltifetmə mərasimini keçirib.
Tədbirdə universitetə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan abituriyentlər, onların valideynləri, universitet nümayəndələri və “EDU Company”nin rəhbər heyəti daxil olmaqla 200-ə yaxın qonaq iştirak edib.
Tədbirin əsas diqqətçəkən məqamı yüksək nəticə göstərən abituriyentlərə topladıqları bal qədər pul mükafatının təqdim edilməsi olub. Belə ki, “EDU Company” tərəfindən təltifolunma məbləği olaraq, uğurlu abituriyentlərə ümumilikdə 20.000 manat ayrılıb.
Tədbirdə çıxış edən “EDU Company” təhsil şirkətinin təsisçisi və baş direktoru Samir Əzizov gənclərin akademik uğurlarının qiymətləndirilməsinin və onların gələcək inkişafının dəstəklənməsinin əhəmiyyətini vurğulayıb. O, yüksək nəticələrin əldə olunmasında abituriyentlərin əzmkarlığı ilə yanaşı, müəllimlərin zəhmətinin və valideynlərin dəstəyinin mühüm rol oynadığını qeyd edib.
Daha sonra təltifetmə mərasimi keçirilib. 600-dən yuxarı bal toplayan abituriyentlər səhnəyə dəvət edilərək pul mükafatları ilə təltif olunublar. Valideynlərin də iştirak etdiyi mərasim gənclərin uğurlarının birgə qeyd olunması baxımından xüsusi əhəmiyyət daşıyıb.
2013-cü ildən fəaliyyət göstərən “EDU Company” təhsil şirkəti 700-dən çox əməkdaş heyəti ilə 20-yə yaxın filialda bütün yaş qruplarına aid təhsilin bütün sahələrində təşkil etdiyi kurslar, həyata keçirdiyi layihələr və təşəbbüslərlə gənclərin bilik və bacarıqlarının inkişafına, akademik nailiyyətlərinin dəstəklənməsinə töhfə verməyə davam edir.


Son xəbərlər
Son Xəbərlər