Qaradağda Zəfər Gününə həsr olunmuş bayram tədbirləri keçirildi - Fotolar

qaradagda-zefer-gunune-hesr-olunmus-bayram-tedbirleri-kecirildi
Oxunma sayı: 384

Bu gün Lökbatan qəsəbəsində yerləşən Ə.Əmirov adına Mədəniyyət Sarayında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “44 Gün – Bir Zəfər və Bir Tarixdir” adlı bədii tamaşa nümayiş etdirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, tanınmış ziyalılar, şəhid ailələri, müharibə əlilləri və veteranları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirin əsas məqsədi Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, Vətənə sevgi, milli birlik, həmrəylik ruhunu təbliğ etmək olub.

Bədii tamaşa zamanı 44 gün davam edən Vətən müharibəsinin şanlı tarixini, Azərbaycan əsgərinin qəhrəmanlığını, xalqımızın sarsılmaz iradəsini və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi qələbəni əks etdirən səhnələr nümayiş olunub.

Qeyd olunub ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, birliyinin və yenilməz iradəsinin təcəssümüdür. Bu möhtəşəm Zəfər xalqımızın yaddaşında əbədi yaşayacaq, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsi daim ehtiramla anılacaqdır.

Daha sonra Qobustan qəsəbəsində yerləşən Aşıq Rza Qobustanlı adına Mədəniyyət Evində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş bayram konserti keçirilib.

Bayram konsertində çıxış edən sənət adamları və tanınmış müğənnilər vətənpərvərlik ruhunda mahnılar, milli musiqi nümunələri və bir-birindən maraqlı ifalar təqdim ediblər. Səsləndirilən musiqi nömrələri iştirakçılara Zəfər sevincini, milli qürur və həmrəylik duyğularını bir daha yaşadıb.

Konsert proqramı zamanı Vətənə məhəbbət, torpaq uğrunda mübarizə, qəhrəmanlıq, xalqımızın birliyi və milli-mənəvi dəyərlər mövzusu xüsusi yer tutub. Şəhidlərimizin müqəddəs xatirəsi ehtiramla yad edilib, onların Vətən qarşısındakı misilsiz xidmətlərinin heç zaman unudulmayacağı vurğulanıb.