Sabunçuda hesabat yığıncağı keçirildi - Fotolar

sabuncuda-hesabat-yigincagi-kecirildi
Oxunma sayı: 876

Ötən gün Bakı Gənclər Mərkəzində Sabunçu rayonunun 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclasda Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 2-ci ərazi sektorunun müdiri Natiq Əliyev, Rayon İcra Hakimiyyəti başçısının müavini Ramil Əliyev, Milli  Məclisin deputatları Fazil Mustafa, Azər Allahverənov, YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, Rayon İcra Hakimiyyəti başçısının qəsəbələr üzrə nümayəndələri, bələdiyyə sədrləri, təhsil, səhiyyə, mədəniyyət və digər müəssisələrin rəhbərləri və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları ilk olaraq Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsini ehtiramla yad edib.

Dövlət Himni səsləndirildikdən sonra tədbiri hesabat məruzəsi ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev bildirdi ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Konstitusiya və Suverenlik İli kimi qeyd etdiyimiz 2025-ci il bir sıra ciddi siyasi və iqtisadi uğurlarla yadda qalıb. Bu il həm də böyük Zəfərimizin beşinci ili kimi tarixə düşüb. Əvvəlki illərdə olduğu kimi, hesabat dövründə də Sabunçu rayonunun sosial-iqtisadi sahələrində inkişaf davam etmiş və əsas göstəricilər üzrə müsbət nəticələr əldə edilib.

Belə ki, 2025-ci ildə Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş Fərman və Sərəncamların icrası istiqamətində Sabunçu rayonunda da geniş maarifləndirici tədbirlər keçirilib, rayonun iqtisadi göstəricilərində artım müşahidə olunub, yeni sənaye və istehsal müəssələri, iş yerləri açılıb. Sakinlərin sosial rifah halının yaxşılaşdırılması istiqamətində şəhid ailələri, qazilər və aztəminatlı ailələrə daimi diqqət və qayğı göstərilib, əhalini narahat edən sosial problemlərin həlli ilə bağlı qəsəbələrdə səyyar görüşlər keçirilib. Bununla yanaşı rayon ərazisində abadlıq, quruculuq, təmir-tikinti və yaşıllaşdırma işləri də davam etdirilib.

Hesabat dövrü ərzində görülmüş işlərlə yanaşı rayon rəhbəri həmçinin qarşıda duran vəzifələr və mövcud problemlər barədə danışıb, bir sıra məsələlərlə bağlı aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verib.

Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 2-ci ərazi sektorunun müdiri Natiq Əliyev tədbirdə çıxış edərək Prezident İlham Əliyevin 2025-ci il ərzində həyata keçirdiyi dövlət siyasəti, strateji islahatları və ölkənin qarşısında duran yeni hədəflər barədə geniş məlumat verib, həmçinin rayonun gələcək işləri ilə bağlı prioritet istiqamətləri vurğulayıb.

Hesabat yığıncağında Azərbaycan Respublikası Milli Məclisin deputatları Fazil Mustafa, Azər Allahverənov, YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov və Vətən müharibəsi Şəhidi mayor Siyavuş  Kəlbəlıyevin həyat yoldaşı Pərvanə Kəlbəlıyeva çıxış ediblər.

Hesabat yığıncağının sonunda iştirakçılar adından Prezident İlham Əliyevə müraciət qəbul edilib və müraciətin mətni iştirakçılarının diqqətinə çatdırılıb.