Qaradağda da Zəfər Günü qeyd edildi - Fotolar

qaradagda-da-zefer-gunu-qeyd-edildi
Oxunma sayı: 326

Bu gün Ə.Əmirov adına Mədəniyyət Sarayında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib.

Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılmış 8 Noyabr – Zəfər Günü münasibətilə təşkil olunan tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev, Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyəti başçısı aparatının Şura üzvləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları ilk olaraq Ə.Əmirov adına Mədəniyyət Sarayının foyesində Zəfər Günü münasibətilə təşkil olunmuş sərgi ilə tanış olublar. Sərgidə Vətən müharibəsinin qəhrəmanlıq salnaməsini, xalqımızın tarixi Zəfərə gedən yolunu, Azərbaycan Ordusunun şanlı döyüş yolunu və milli-mənəvi dəyərlərimizi əks etdirən eksponatlar, fotoşəkillər və əl işləri nümayiş etdirilib. Qonaqlar sərgiyə baxış keçirərək təqdim olunan nümunələrlə yaxından tanış olublar.

Daha sonra tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin və vətənimizin azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev 8 Noyabr – Zəfər Gününün Azərbaycan tarixindəki müstəsna yerindən və əhəmiyyətindən bəhs edərək bildirmişdir ki, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı öz birliyini, həmrəyliyini, sarsılmaz iradəsini və Vətən sevgisini bütün dünyaya nümayiş etdirib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birinə çevrilib. Bu Zəfər Azərbaycan əsgərinin qəhrəmanlığının, xalqımızın milli birliyinin, dövlətimizin gücünün və xalq-iqtidar-ordu birliyinin təntənəsidir. 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad olunması hər bir azərbaycanlının qəlbində sonsuz qürur və sevinc hissi yaradıb. Bu tarixi Qələbə, eyni zamanda, gələcək nəsillərə Vətən sevgisi, torpağa bağlılıq, milli ruh və qəhrəmanlıq nümunəsi kimi ötürüləcək.

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan əsgər və zabitlərinin qəhrəmanlığı xüsusi qeyd olunub, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin xalqımızın yaddaşında daim yaşayacağı bildirilib. Şəhid ailələrinə göstərilən diqqət və qayğıdan, qazilərimizin fədakarlığından söz açılaraq onların hər zaman xalqımızın dərin hörmət və ehtiramına layiq olduqları vurğulanıb.

Tədbirin bədii hissəsi maraqlı və rəngarəng musiqi proqramı ilə davam edib. Proqram çərçivəsində tanınmış müğənnilər İlhamə Qasımova, Günay İbrahimli, Amil Həsənoğlu, Zabitə Əliyeva, aşıq Əli Tapdıqoğlu, eləcə də rayonun mədəniyyət ocaqlarının özfəaliyyət kollektivləri çıxış ediblər.

İfaçılar tərəfindən Vətənə, torpağa, milli birliyə və qəhrəmanlıq tarixinə həsr olunmuş mahnılar səsləndirilib, milli musiqi nümunələri və rəngarəng səhnə kompozisiyaları təqdim olunub. Muğam və aşıq sənətinin inciləri, vətənpərvərlik ruhlu musiqi nömrələri tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Rayonun mədəniyyət kollektivlərinin təqdim etdiyi çıxışlar isə tədbirə xüsusi rəng qatıb.

Bayram proqramı iştirakçılarda yüksək əhvali-ruhiyyə yaradaraq xalqımızın tarixi Zəfərinə, milli-mənəvi dəyərlərinə və qəhrəmanlıq ənənələrinə olan sonsuz ehtiramını bir daha nümayiş etdirib.

Qeyd edək ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının milli qürur, şərəf və həmrəylik rəmzidir. Bu möhtəşəm Qələbə xalqımızın yaddaşında əbədi yaşayacaq, şəhidlərimizin müqəddəs xatirəsi daim uca tutulacaq və onların Vətən naminə göstərdikləri qəhrəmanlıq gələcək nəsillər üçün əsl vətənpərvərlik məktəbi olacaqdır.