“156 Evakuasiya” və “166 Yükdaşıma və Logistika”nın 200-dən çox müharibə iştirakçısı Zəfər parkında - Fotolar

156-evakuasiya-ve-166-yukdasima-ve-logistikanin-200-den-cox-muharibe-istirakcisi-zefer-parkinda
Oxunma sayı: 1109

8 Noyabr – Zəfər Günü münasibətilə “156 Evakuasiya” və “166 Yükdaşıma və Logistika” şirkətlərinin təsisçisi Aqil Zeynalovun təşəbbüsü ilə Vətən müharibəsi iştirakçılarının Zəfər parkına ziyarəti təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, ziyarətdə şirkətlərin rəhbər heyəti, eləcə də 44 günlük Vətən müharibəsində iştirak etmiş və hazırda şirkətlərin müxtəlif struktur bölmələrində fəaliyyət göstərən 200-dən çox müharibə iştirakçısı yer alıb.

Tədbir çərçivəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad olunub, Zəfər parkındakı abidə önünə gül dəstələri düzülüb.

Artıq altıncı ildir ki, Aqil Zeynalovun təşəbbüsü ilə Zəfər Günü münasibətilə müharibə iştirakçılarını bir araya gətirən tədbirlər təşkil olunur. Bu ənənə Vətən uğrunda döyüşmüş şəxslərə göstərilən diqqət və ehtiramın davamlı xarakter daşıdığını nümayiş etdirir.

Qeyd edək ki, Vətən müharibəsində iştirak etmiş 200-dən çox şəxs bu gün “156 Evakuasiya” və “166 Yükdaşıma və Logistika” şirkətlərinin müxtəlif fəaliyyət istiqamətlərində çalışır. Vaxtilə Vətənin müdafiəsində ön cəbhədə döyüşən bu şəxslər hazırda öz zəhmətləri və peşəkar fəaliyyətləri ilə ölkənin iqtisadi inkişafına töhfə verməyə davam edirlər.

Şirkətlərdə müharibə iştirakçılarının məşğulluğunun dəstəklənməsi, onların peşəkar inkişafı üçün imkanların yaradılması, eləcə də qazilərə və şəhid ailələrinə göstərilən diqqət korporativ sosial məsuliyyət fəaliyyətinin mühüm istiqamətlərindən biri hesab olunur.

Zəfər Günü münasibətilə təşkil olunan bu ziyarət tarixi Qələbənin qazanılmasında əvəzsiz xidmətləri olan qəhrəmanlara ehtiramın ifadəsi, şəhidlərin xatirəsinin yaşadılması və onların göstərdiyi fədakarlığın gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.