Ağsuda Zəfər Gününün altıncı ildönümü qeyd olundu - Fotolar

agsuda-zefer-gununun-altinci-ildonumu-qeyd-olundu
Oxunma sayı: 260

Ağsu rayonunda 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd edilib.

“Qafqazinfo” xəbər verir ki,​ Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar, ziyalılarla birlikdə şəhid ailələri və müharibə iştirakçıları ilə yaşadıqları ünvanlarda bir sıra görüşlər keçirib.

 Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar Qəhrəmanlar Kompleksi ziyarət olunub. Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı Elçin Mirzəbəyli, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar, ziyalılar, şəhid ailələri, müharibə iştirakçıları, gənclər, ictimayyət nümayəndələri Qəhramanlar Kompleksinə gəliblər, abidə önünə əklil və gül dəstələri qoyaraq qəhraman Vətən oğullarının xatirəsini ehtiramla yad ediblər.

RİH başçısı Rövşən Bağırov kompleksə gəlmiş şəhid ailələri, müharibə iştirakçıları ilə göşürək onları Zəfər günü bayramı münasibətilə təbrik edib, qarşılaşdıqları çətinlik və problemləri ilə maraqlanıb. RİH başçısı çıxış edərək Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Sərəncamın əhəmiyyətindən danışıb, bu sənədin Azərbaycanın möhtəşəm Zəfər səlnaməsini özündə əks etdirən tarixi sənəd olduğu bildirib.

Qeyd edib ki, artıq altı ildir ki, Azərbaycan xalqı mədəniyyət, milli irs və qürur mənbəyimiz olan tarixi şəhərimiz – Şuşanın işğaldan azad edildiyi günü – 8 Noyabrı Zəfər Günü kimi qeyd edir. Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan böyük Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəlik məharəti və parlaq diplomatik bacarığının, qəhrəman əsgər və zabitlərimizin misilsiz şücaəti, müqəddəs şəhidlərimizin qanı və canı bahasına qazanılıb.

Ziyarətdə iştirak edən şəhid ailələri, müharibə iştirakçıları dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Sonra 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü münasibəti ilə Ağsu şəhərində ağacəkmə aksiyası keçirilib. Ağacəkmə aksiyasında meyvə ağacları, meşə ağacları və dekorativ kollar əkilib. Aksiya zamanı əkilən hər bir tingə arqotexniki qulluq göstərilib.

Daha sonra Zəfər Günü ilə əlaqədar rayon Mədəniyyət evində konsert proqramı təşkil olunub. Ağsu rayon Mədəniyyət Mərkəzinin yerli musiqiçilərinin ifasında vətənpərvərlik mövzusunda hazırlanmış rəngarəng konsert proqramı nümayiş etdirilib.

Konsert bitdikdən sonra Heydər Parkında Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar möhtəşəm atəşfəşanlıq olub.