Zərdabda Zəfər Günü ilə bağlı ümumrayon tədbiri keçirildi - Fotolar

zerdabda-zefer-gunu-ile-bagli-umumrayon-tedbiri-kecirildi
Oxunma sayı: 740

Zərdabda “8 Noyabr- Zəfər Günü” ilə bağlı ümumrayon tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, millət vəkili, Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, idarə, müəssisə, təşkilatların kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə  Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə çıxış edərək 44 günlük Vətən müharibəsinin Azərbaycan tarixindəki müstəsna yerindən, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası istiqamətində həyata keçirilən məqsədyönlü siyasətdən, eləcə də tarixi Qələbənin əldə olunmasını təmin edən mühüm amillərdən ətraflı bəhs edib.

O vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli siyasi iradəsi, uzaqgörən rəhbərliyi və yüksək sərkərdəlik məharəti, habelə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin davamlı olaraq artırılması Vətən müharibəsində möhtəşəm Zəfərin əldə olunmasında həlledici rol oynayıb. Bu Qələbə uzun illər ərzində həyata keçirilən uğurlu ordu quruculuğu siyasətinin, ölkəmizin iqtisadi qüdrətinin, milli həmrəyliyin və xalq-iqtidar birliyinin məntiqi nəticəsidir. Bu gün işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığını, doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın mərhələli şəkildə öz torpaqlarına qayıdışının təmin edildiyini diqqətə çatdırıb.

Millət vəkili, Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbənin dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri olduğunu vurğulayıb. O bildirib ki, bu möhtəşəm Zəfərin təməlində Azərbaycan xalqının milli həmrəyliyi, qətiyyəti və sarsılmaz iradəsi, ölkəmizin iqtisadi qüdrəti, güclü ordu quruculuğu siyasəti və xalq-iqtidar birliyi dayanır.

Qeyd edilib ki, 8 Noyabr – Zəfər Gününün təsis edilməsi bu tarixi hadisənin əbədiləşdirilməsi, Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm tarixi və mənəvi əhəmiyyət daşıyır.

Daha sonra tədbir konsert proqramı ilə davam etdirilib. Konsertdə Respublikanın tanınmış incəsənət ustaları-əməkdar artist İlkin Əhmədov və Vasif Əzimov, həmçinin yerli özfəaliyyət kollektivləri çıxış ediblər.