“Vens iki həftədir İranla gizli danışıqlar aparır”

vens-iki-heftedir-iranla-gizli-danisiqlar-aparir
Oxunma sayı: 1165

Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vensin yeni atəşkəs rejimini təmin etmək və nüvə danışıqlarını bərpa etmək məqsədilə son iki həftə ərzində İran tərəfi ilə dolayı danışıqlar apardığı bildirilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Axios” məsələyə bələd olan iki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Vens İran tərəfi ilə, demək olar ki, hər gün vasitəçilər üzərindən əlaqə saxlayır. Danışıqlar prosesində Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Sani və Pakistan Ordusunun Baş Qərargah rəisi, marşal Asim Munir vasitəçilik edir.

Diplomatik prosesə həmçinin ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner də qoşulub. Mənbələr tərəflər arasında yaxın günlərdə işçi səviyyəsində texniki görüşün keçirilməsinin müzakirə olunduğunu, lakin təmasın hələlik baş tutmadığını bildirirlər.

Məlumata əsasən, təxminən iki həftə əvvəl Ceyms Devid Vens İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayiyə birbaşa danışıqlara qayıtmağı təklif edən rəsmi məktub göndərib. İran rəsmiləri bu addımın dialoq prosesində müsbət impuls yaratdığını vurğulayıblar.

Qeyd edək ki, Vens bundan əvvəl verdiyi bəyanatda İranla yaşanan hərbi gərginliyi Respublikaçılar Partiyasının 3 noyabr Konqres seçkilərindəki məğlubiyyətinin əsas səbəblərindən biri kimi dəyərləndirmişdi.