Loqodakı çiçəyə görə 1 milyon yarım təzminat ödəyəcəklər

loqodaki-ciceye-gore-1-milyon-yarim-tezminat-odeyecekler
Oxunma sayı: 185

Çində məhkəmə məşhur Fransa moda evi “Louis Vuitton Malletier”in xeyrinə qərar çıxarıb.

“Qafqazinfo” xəbər verir ki, qərara əsasən, ölkənin çay istehsalçısı “Molly Tea” şirkəti əmtəə nişanından qanunsuz istifadə etdiyinə görə 10,3 milyon yuan (təxminən 1,5 milyon ABŞ dolları) məbləğində təzminat ödəməlidir.

Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, “Molly Tea” mağazalarında, məhsul qablaşdırmalarında və reklam materiallarında “Louis Vuitton”un qeydiyyatdan keçmiş çiçək motivlərinə çox bənzəyən nişanlardan istifadə edib. Hakimlər bu oxşarlığın istehlakçılarda çaşqınlıq yarada və məşhur brendin əmtəə nişanı hüquqlarını poza biləcəyi qənaətinə gəliblər.

Qərara əsasən, təzminatın 10 milyon yuanı vurulmuş maddi zərərin, 300 min yuanı isə məhkəmə xərclərinin ödənilməsinə ayrılıb. Bundan əlavə, “Molly Tea” şirkətinə mübahisəli loqo və nişanlardan istifadəni dərhal dayandırmaq tapşırılıb.

Şirkət məhkəmə qərarı ilə razılaşmadığını açıqlayıb və apellyasiya şikayəti verəcəyini bildirib. Eyni zamanda, “Molly Tea” mobil tətbiqində istifadə etdiyi mübahisəli loqonu artıq dəyişdiyini də bəyan edib.