İnterpol xətti ilə axtarılan şəxs Azərbaycana təhvil verəcək

interpol-xetti-ile-axtarilan-sexs-azerbaycana-tehvil-verecek
Oxunma sayı: 532

Baş Prokurorluğun Monteneqro Ədliyyə Nazirliyinə sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından sonra aparılan danışıqlar nəticəsində Podqoritsa Ali Məhkəməsi tərəfindən Azərbaycan vətəndaşı Süleymanov Hidayət Nemət oğlunun sadələşdirilmiş ekstradisiya proseduru əsasında ölkəmizə təhvil verilməsinə razılıq verilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Sumqayıt şəhər polis idarəsi tərəfindən istintaqı aparılan cinayət işi üzrə Hidayət Süleymanov özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü vəzifəli şəxs kimi təqdim edərək zərərçəkmişin anasının adına olan torpaq sahəsində ev tikintisi və dövlət orqanlarından icazələr daxil olmaqla bütün işlərin görüləcəyi barədə yalan vəd verib aldadıb və zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.

“Bu səbəbdən Hidayət Süleymanovun dələduzluq cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair qərar qəbul olunub və o, istintaqdan yayınaraq gizləndiyinə görə Bakıda İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə barəsində beynəlxalq axtarış elan edilib, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Monteneqro ərazisində müəyyən edilərək saxlanılıb.

Hazırda Hidayət Süleymanovun ölkəmizə gətirilməsi istiqamətində Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən tədbirlər görülür.

Eyni zamanda, Baş Prokurorluq axtarışda olan şəxslərin xarici ölkələrdə müəyyən edilməsi və onların Azərbaycana gətirilməsi məqsədilə xarici tərəfdaş qurumlarla, o cümlədən İnterpol ilə sıx əməkdaşlığı davam etdirir”,- deyə məlumatda qeyd edilib.